Martın 17-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb. Həmçinin universitetdə «Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər» mövzusunda birgə seminar keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, iki qurum arasında sazişin məqsədi Azərbaycanda maliyyə, mühasibat uçotu, audit və turizm sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsini ümumiləşdirmək, daha peşəkar mütəxəssislər yetişdirməkdir. Bu sənəd kadr hazırlığı, təlim və tədris prosesinin təşkilini, elmi tədqiqat işlərinin aparılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini əhatə edir. ATMU-nun tələbələrinin Auditorlar Palatası və ona üzv təşkilatlarda sahə təcrübəsi keçmələri üçün şəraitin yaradılması, tələbə və müəllimlərin qurum tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakı və digər məsələlər barədə razılıq əldə edilib.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov da sazişin əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd universitetin «Karyera mərkəzi»nin, maliyyə, mühasibat uçotu və audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji yardım və digər sahələrdə əməkdaşlığa zəmin yaradacaq.
Tədbirdə iqtisad elmləri namizədi Mais Köçərlinin «Problemə giriş», iqtisad elmləri namizədi, dosent Ənvər Salahovun «Azərbaycan Turizm və Menecment Universitetində audit fəaliyyəti üzrə mütəxəssis hazırlığının istiqamətləri», Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun «Turizm sektorunda hesabatlıq və audit maliyyə şəffaflığının təminatçısıdır» adlı məruzələri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonra ATMU rektoru C.Cəfərov və Auditorlar Palatasının sədri V.Novruzov əməkdaşlığa dair sazişi imzalayıblar.
Fəxriyyə Abdullayeva