Aprelin 14-də «Fairmont Baku» hotelində turizm peşəkarlarının «B2B Luxury & MICE Workshop» çərçivəsində görüşü keçiriləcək. Böyük Britaniyanın «TMI Consultancy» şirkətinin azərbaycanlı partnyorları ilə birlikdə təşkil etdiyi tədbir ölkəmizdə artıq 4-cü dəfədir reallaşdırılır. Görüşə Azərbaycanda fəaliyyət göstərən aparıcı turizm şirkətlərinin nümayəndələri və dünyanın müxtəlif ölkələrinin hotellərinin, turoperatorlarının və turizm təşkilatlarının təmsilçiləri qatılacaqlar.
Budəfəki «B2B Luxury & MICE Workshop»un sponsorları İspaniyanın «Kosta del Sol» adlı turizm təşkilatı və İsveçrənin turizm ofisidir.
İsveçrədən tədbirdə 14 turizm şirkəti, hotel və tibbi mərkəz iştirak edəcək.
«TMI Consultancy» şirkətinin meneceri Mariya Qorbaçovanın qəzetimizə verdiyi məlumata görə, tədbirdə 40-dan artıq xarici turizm şirkəti öz imkanlarını təqdim edəcək. Bu isə onu göstərir ki, Azərbaycan turizm bazarına xarici ölkələrdə maraq getdikcə artır.
İspaniyanın bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunmasının başlıca səbəbi 2015-ci ilin yay turizm mövsümündə Bakı-Barselona birbaşa reysinin açılmasıdır. Tədbirdə bu ölkənin turizm təşkilatları, Kataloniya, Kosta del Sol, və Barselona bölgələrinin turizm şirkətləri iştirak edəcəklər.
Bundan başqa, budəfəki Bakı görüşündə Özbəkistanın «Dolores Travel», Monteneqronun «Regent Porto Montenegro», İtaliyanın «Boscolo Hotels» və «Relais San Maurizio» hoteli də ilk dəfə təmsil olunacaq.

Fəxriyyə Abdullayeva