Azərbaycanda yay turizm mövsümü ərzində hotellərdə, turizm obyektlərində bahalaşmanın olmasına əsas yoxdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, nazirlik hotellərdə qış turizmi ilə əlaqədar monitorinq keçirib. Monitorinq zamanı hotellərdə qiymət artımı qeydə alınmayıb. Eyni zamanda hotellərin xidmət keyfiyyətinin yüksəldiyi məlum olub: «Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq”.
Əbülfəs Qarayev yeni turist marşrutlarının formalaşdırılmasına nazirlik tərəfindən xüsusi önəm verildiyini, o cümlədən tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.
Nazir «Turizm haqqında» yeni qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılacağını da deyib. Qanun layihəsində turistlərin təhlükəsizliyi və sığortası məsələsi də yer alıb: «Hazırkı qanunda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bu məsələnin üzərində ciddi çalışırıq».

Fəxriyyə Abdullayeva