«Sky Catering» şirkəti Bakı Turizm Peşə Məktəbinin şagirdlərinə iyun ayında keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədilə kurs keçib. Bu barədə məlumat verən məktəbin tədris-istehsalat işləri üzrə direktor müavini Cəmaləddin Axundovun sözlərinə görə, tədris ocağı «Sky Catering» şirkəti ilə bir neçə ildir əməkdaşlıq edir. Məktəbin şagirdləri hər il tədris ilinin sonunda şirkətdə istehsalat təcrübəsi keçir. Budəfəki əməkdaşlığın əsas səbəbi isə Avropa Oyunları ilə bağlı şagirdlərin hazırlığıdır. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar verilib.
May və iyun aylarında şagirdlər «Sky Catering» şirkətinin formasını geyinib hava limanında, yarışların keçiriləcəyi arenalarda şəhərimizin qonaqlarına xidmət göstərəcəklər. Cəmaləddin Axundov bildirdi ki, çalışdıqları 2 ayda şirkət tərəfindən şagirdlərə məvacib də ödənəcək. Bundan əlavə, fəal, öz işini yüksək səviyyədə yerinə yetirən şagirdlər «Sky Catering» şirkətinin ofislərində daimi işlə təmin olunacaqlar.
Qeyd edək ki, «Sky Catering» şirkəti Avropa Oyunlarında yeməklərin təqdim edilməsi üzrə tenderdə qalib gəlib. Şirkət «Silkway Airlines»in filialıdır, 1997-ci ildən fəaliyyət göstərir və aeroportda, uçuşlar zamanı təyyarələrdə sərnişinlərə yemək serivisini təqdim edir.
Fəxriyyə