Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası layihələrə başlayır
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2015-ci il ərzində bir sıra layihələr reallaşdıracaq. Qurumun sədri Ruslan Quliyevin sözlərinə görə, nəzərdə tutulan layihələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də dəstəklənir.
Assosiasiya rəhbəri bildirdi ki, iş planına əsasən «Sağlamlıq, istirahət və turizm» adlı yeni kataloq hazırlanır və bu yaxınlarda işıq üzü görəcək. Bundan başqa, Qazaxıstan və Rusiya turoperatorları üçün infotur təşkil ediləcək: «Görəcəyimiz mühüm işlərdən biri də 13-15 mayında Qazaxıstanın Almatı şəhərində keçiriləcək «KİHE-2015» beynəlxalq səhiyyə sərgisində Azərbaycanın sağlamlıq turizm imkanlarının yüksək səviyyədə təmsil etməkdir. Sərgidə assosiasiyaya daxil olan «Duzdağ» Fizioterapiya Mərkəzi, «Yengicə SPA & Thermal», «Naftalan Çinar SPA» mərkəzləri də iştirak edəcək. Bunun üçün 15 kvadratmetrlik sahə icarəyə götürülüb. Sərgi çərçivəsində görüşlər, təqdimatlar keçirəcəyik».
Qarşıda duran vəzifələrdən biri də Azərbaycanın yeni sağlamlıq turizmi xəritəsinin yaradılmasıdır. Assosiasiya bu məqsədlə Səhiyyə Nazirliyinin müvafiq orqanları ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Həmsöhbətimiz bildirdi ki, rəhbərlik etdiyi qurum sağlamlıq turizmi ilə bağlı elmi işlərin stimullaşdırılmasını, ölkədə mövcud olan təbii müalicə imkanlarının test olunmasını və dünyanın ən məşhur institutlarında sertifikat alınmasını həyata keçirəcək: «Əgər Türkiyədə və digər ölkələrdə olduğu kimi, Azərbaycandakı sanatoriyalara da müvafiq sertifikatlar ala bilsək, buraya çoxsaylı turistlərin gəlməsinə nail ola bilərik».
Ruslan Quliyevin fikrincə, sağlamlıq turizmi Azərbaycan üçün perspektivli istiqamətdir. Dünyada bu turizm növü gəlirli bir sahə kimi qiymətləndirilir. Çünki sağlamlıq turizmi mövsümi xarakter daşımır, ilin bütün fəsillərində aktualdır. Assosiasiya sədri Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşlığının əhəmiyyətindən də danışaraq bildirdi ki, turizm təşkilatları arasında koordinasiyanın düzgün qurulması bu sahənin inkişafına çox böyük dəstək verər: «Bəzən olur ki, eyni məzmunlu layihə bir neçə qurum tərəfindən reallaşdırılır. Bu isə zaman itkisidir. Koordinasiya olduğu təqdirdə, belə hallar baş vermir. Dövlət turizmin inkişafını stimullaşdırır, əlavə təklif proqramları həyata keçirir. Amma özəl sektor da bu proseslərdən kənarda qalmamalıdır. Özəl sahibkarlıq fəaliyyətinin bir növ ictimai fəaliyyətlə uzlaşdırılması turizmdə keyfiyyət dəyişikliklərinin əldə olunmasına gətirib çıxarır. Bizim hər birimizin ümumi məqsədi var: Azərbaycanı yeni bir turizm istiqaməti kimi dünyada tanıtmaq”.
Fəxriyyə Abdullayeva