Azərbaycan Milli Kulinariya Mərkəzi vaxtilə Səfəvi şah sarayında bişirilən dolmanın reseptini əldə edib. Mərkəzin prezidenti Tahir Əmiraslanovun sözlərinə görə, resept etnoqrafların araşdırmaları zamanı əldə edilib: «Mərkəzimizin əsas məqsədlərindən biri də mətbəx ənənələrimizi yaşatmaqdır. Bunun üçün davamlı olaraq, axtarışdayıq. Çalışırıq ki, Azərbaycan ərazisindəki dövlətlərin, o sıradan, yaxın tariximizə qədər var olan xanlıqlar dönəmində saraylarda bişirilən milli mətbəx nümunələrimizi təbliğ edək. Apardığımız araşdırmalar nəticəsində Şah İsmayıl Xətainin sarayında hazırlanan yarpaq dolmasının reseptini əldə etmişik».
Tahir Əmiraslanov dolmanı bu yaxınlarda «Xanəgah» restoranının açılış mərasimində təqdim etdiklərini diqqətə çatdırıb. Mərkəzin rəhbəri onu da deyib ki, hər bir mətbəx nümunəsini özünə uyğun formada təqdim etmək vacib şərtlərdən biridir. Elə «Səfəvi dolması»nın təqdimatında da «Xanəgah» restoranı o dövrün dizaynında bəzədilib. Təqdimat zamanı digər mətbəx nümunələrimiz - fisincan qutabı, şüyüdplov, səbziqovurma plovu və s. qonaqların diqqətini cəlb edib.

Fəxriyyə Abdullayeva