Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində turizm nazirlərinin görüşü keçirilib

Mayın 20-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində quruma üzv ölkələrin turizm nazirlərinin 2-ci görüşü keçirilib.

Görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maqsudov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əbdülrəhman Arıçı, Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev, TDƏŞ-in baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, türkdilli ölkələrin turizm təmsilçiləri iştirak edirdi.
Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın gücləndirilməsi, turizm sahəsində əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri müzakirə olundu. Eyni zamanda TDƏŞ-in turizm üzrə işçi qrupunun mayın 18-19-da Bakıda keçirilən 5-ci iclasının yekunları barədə fikir mübadiləsi aparıldı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın GoMap.az (www.gomap.az) elektron naviqasiya sistemi barədə məlumat verərək TDƏŞ-ə üzv ölkələrin bu sistemə qoşulması təklifini irəli sürdü. Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Sinam» şirkəti tərəfindən hazırlanan naviqasiya sisteminin elektron xəritəsinə Azərbaycan ərazisində yerləşən 63 mindən çox obyekt (yaşayış məntəqələri, mədəni-tarixi abidələr, bina və tikililər, meşələr və s.) daxil edilib. Elektron xəritədə məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Elektron xəritədə həmçinin marşrutun çəkilməsi funksiyası var. Bu funksiya xüsusilə turistlər üçün çox faydalı ola bilər. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərə (Google Map və s.) inteqrasiya edilib. Naviqasiya sistemi hazırda Gürcüstan və Türkiyənin də ərazilərini əhatə edir.
Əbülfəs Qarayev bildirdi ki, Qazaxıstan və Qırğızıstanın bu sistemə qoşulması ilə türkdilli dövlətlərin vahid naviqasiya sistemini yaratmaq olar. Bunun üçün ölkələrin məsul qurumlarının lazımi məlumatları toplayıb «Sinam» şirkətinə təqdim etməsi kifayətdir: “Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindəki mövcud yer adları Google-də düzgün əks olunmayıb. Azərbaycan kəndləri erməni adı altında verilir. Burada bir adın dəyişdirilməsi üçün aylarla iş aparırıq. Ona görə də türk dövlətləri tərəfindən idarə olunan vahid naviqasiya sisteminin olması çox vacibdir».
Nazirin təklifi iclas iştirakçıları tərəfindən müsbət qarşılandı. Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maqsudov görüşdə aparılan müzakirələrin qaneedici nəticələrinin olacağına ümid etdiyini bildirdi. Qeyd etdi ki, Qırğızıstan turizm baxımından böyük imkanlara malikdir: «Ölkəmizdə 140 mehmanxana, 65 muzey, sanatoriyalar, milli parklar fəaliyyət göstərir. Turizmin bir çox istiqamətlərinin inkişafı üçün infrastruktur yaradılır. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, xarici ölkələrin vətəndaşları “İpək Yolu” beynəlxalq turizm marşrutu ilə maraqlanırlar. Bu baxımdan hesab edirəm ki, türkdilli ölkələrin vahid turizm marşrutunun yaradılması çox məqbul variantdır».
O, 2016-cı ilin mayında Astanada TDƏŞ-in turizm üzrə işçi qrupunun toplantısının, sentyabr ayında isə dövlət başçılarının sammitinin keçiriləcəyini diqqətə çatdırdı.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Abdurrəhman Arıcı qeyd etdi ki, türkdilli ölkələrin mövcud turizm imkanlarından yararlanmaq üçün onların bir-biri ilə yaxından əməkdaşlıq etməsi vacibdir. Bunu həm dövlət, həm də özəl sektorun təmsilçiləri etməlidir. Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov da türkdilli ölkələrin «Müasir İpək Yolu» adlı vahid turizm paketinin yaradılmasının əhəmiyyətini vurğuladılar.
Görüşdə TDƏŞ-ə üzv ölkələrin turizm sahəsində özəl sektor nümayəndələrinin rolunun artırılması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalandı.
İclasın sonunda qarşıdakı bir il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində görüləcək işləri nəzərdə tutan yekun protokol imzalanıb.

Fəxriyyə Abdullayeva