Ölkəmizə gələn turist sayında ciddi artım müşahidə edilir
I Avropa Oyunları təkcə böyük idman hadisəsi deyil, həmçinin ölkəmizin tanıtımı, eləcə də turizm sektorunun inkişafı baxımından xüsusi önəm kəsb edir. Ekspertlər bu tədbirin gələcək illərdə turizmin inkişafına töhfəsinin daha böyük olacağını bildirirlər.
İqtisadçı Vüqar Bayramovun qənaətinə görə, Avropa Oyunları iqtisadi baxımdan faydalı təşəbbüsdür: “Oyunların iqtisadi əhəmiyyətinin qiymətləndirilməsi zamanı cari gəlirlərin cari xərclərlə müqayisə edilməsi doğru deyil. Bu tədbir praktiki olaraq Azərbaycan iqtisadiyyatına gəlirlərin əldə edilməsi baxımından faydalıdır. Oyunların keçirildiyi bir neçə gündə apardığımız monitorinqlər onu göstərir ki, ölkəyə gələn turistlərin sayında ciddi artım müşahidə edilir. Turist sayının artması xidmət sektoru da daxil olmaqla, bütövlükdə iqtisadiyyatın bu faktdan faydalanmasına imkan verir. Beynəlxalq qiymətləndirmələrə görə, ölkəyə gələn hər bir turist həftə ərzində min dollar xərcləyirdisə, Avropa Oyunları keçirilən müddətdə təxminən 2 min dollar pul xərcləyir. Hotellər, fərqli xidmət sektorları - restoranlar, kafelər və s. praktik olaraq Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən faydalanmaq imkanı əldə edib».
Həmsöhbətimiz deyir ki, Avropa Oyunları manata olan tələbin artmasına da səbəb olub: «Nəzərə alaq ki, ölkəyə gələn turistlər özü ilə Azərbaycana xarici valyuta gətirirlər. Bu da manata tələbin artmasına səbəb olur. Praktiki olaraq da xarici valyuta təklifi artır, manata tələbat yüksəlir. Bu, manatın stabilliyi və manata olan tələbin artması baxımından olduqca vacibdir. Amma eyni zamanda Avropa Oyunlarına həm də strateji aspektdən yanaşmaq lazımdır. Avropa Oyunlarına çəkilən vəsaitlərin 75 faizindən çoxu infrastruktur xərcləridir. İndi formalaşdırılan infrastruktur təbii ki, qalacaq. Gələcəkdə belə böyük miqyaslı yarışlar zamanı həmin infrastrukturdan istifadə etməklə Azərbaycan yeni gəlir imkanları əldə edəcək. Növbəti illərdə Bakıda İslam Həmrəylik Oyunları, Avropa futbol çempionatının oyunlarını qəbul edəcək. Bu yay formalaşdırılmış infrastruktur imkan verəcək ki, Azərbaycan cüzi xərclərlə bu yarışları təşkil etsin. Buna uyğun olaraq da yenidən həm turistlərin ölkəyə gəlməsi, həm də bütövlükdə xidmət sektoru daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələri bu tədbirlərdən faydalanacaq. Bütün bu amillər nəzərə alınmaqla Avropa Oyunları Azərbaycan iqtisadiyyatı üçün rentabelli təşəbbüs kimi qiymətləndirilməlidir».
Fəxriyyə Abdullayeva