Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib
Ölkəmizdə işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti M&I Forumunda (Görüş və Təşviqat Forumu) iştirak edib. Şotlandiyanın Edinburq şəhərində keçirilən M&I Avropa Yay Forumu beş gün ərzində Avropa ölkələrindən 350-dən çox alıcını bir araya gətirib. Qlobal biznes turizmi bazarının ən nüfuzlu və aparıcı üzvlərini toplayan tədbirdə Fransa, İtaliya, İsveç və digər ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərib.
Forumda ölkəmizə göstərilən diqqət deməyə əsas verir ki, Avropa ölkələrinin yeni görüş məkanı kimi Azərbaycana marağı sürətlə artır. “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmiz haqqında məlumatlandırılma istiqamətində rolu xüsusilə nəzərə çarpır.
Tədbirdə Konqreslər Bürosunu satış və marketinq üzrə menecer Anar Nərimanov və “JW Marriott Absheron Baku” mehmanxanasının nümayəndəsi təmsil edib. Forum çərçivəsində peşəkar alıcılarla 50-dən çox görüş keçirilib. Azərbaycanın biznes turizmi potensialını yaxından öyrənməkdə istəkli olan tədbir iştirakçıları tezliklə ölkəmizə səfər etmək istəklərini dilə gətiriblər.
Qeyd edək ki, Büro 22-26 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək M&I Şərqi Avropa Forumunda iştirak edəcək. Forumun əsas hədəf bazarı Şərqi Avropa ölkələri, xüsusən də Rusiya, Avstriya, Polşa, Çexiya, Serbiya, Slovakiya, Sloveniya və digərləridir.
M&I forumları silsiləsinə 3 qitədə keçirilməklə 6 tədbir daxildir. Bu tədbirlər zamanı Avropa, Amerika və Asiyanın Görüşlər Sənayesi təchizatçıları və peşəkar görüş planlaşdırma şirkətləri hər il orta hesabla 26 mindən çox işgüzar görüş və iclas keçirir.