Bu imkanlar içərisində Azərbaycanın da payı var
Xəbər verdiyimiz kimi, bu il 27 sentyabr - Dünya Turizm Günü “Bir milyard turist - bir milyard imkan” devizi altında keçiriləcək. Əlamətdar gün münasibətilə Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifainin ənənəvi müraciəti yayılıb.
Müraciətdə bildirilir ki, hər il bir milyarddan çox insan müxtəlif ölkələrə səyahət edir. Onlar turizmi iqtisadiyyatın aparıcı sektoruna çevirirlər. Beləliklə, qlobal ümumdaxili məhsulun 10 faizi, dünya üzrə ixracatın ümumi həcminin 6 faizi bu sahənin üzərinə düşür. Bu rəqəmlər təkcə iqtisadi gücü deyil, turizmin dünyanın ən mühüm problemlərinin, o cümlədən sosial-iqtisadi yüksəliş, hərtərəfli inkişaf və ətraf mühitin mühafizəsi kimi problemlərin həll olunmasına geniş təsir imkanlarını əks etdirir: «Dünyanın müxtəlif guşələrində hər gün fərqli mədəniyyətlərdən olan milyonlarla insanlar rastlaşırlar. Turizm, həmçinin, bizim sərhədlərdən xaricdə dünyanın daha yaxşı başa düşülməsi üçün bir qapı, icmalar və millətlər arasında sülhün bərqərar olmasında addımdır».
Turizm işçilərinin beynəlxalq bayramı ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunacaq. Azərbaycanda bu sahənin inkişafı dünya turizminə inteqrasiyanı da sürətləndirir.
BDU-nun xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Həbibə Soltanova bildirir ki, Dünya Turizm Gününün builki «Bir milyard turist - bir milyard imkan» devizində Azərbaycan turizminin də payı var. Son illər ölkəmizdə turizm istiqaməti populyarlaşmağa başlayıb və bunda Azərbaycanda keçirilən genişmiqyaslı beynəlxalq tədbirlərin rolu böyükdür: “Xüsusilə 2015-ci ilin iyun ayında keçirilən 1-ci Avropa Oyunları ölkəmizin tanıtımı, dünyada nüfuzunun artması üçün çox geniş imkanlar açdı».
Həmsöhbətim ölkəmizdə qurulan turizm infrastrukturunun da Azərbaycanın tanıtımına xidmət etdiyini deyir. Bugünlərdə ölkə Prezidentinin iştirakı ilə “Qalaaltı Hotel & SPA” kompleksinin istifadəyə verilməsi Azərbaycanda kurort-sağlamlıq turizminin inkişaf etdirilməsi baxımdan mühüm hadisədir: «Turizmin demək olar ki, bütün növlərinin inkişafı üçün müsbət zəmin olan ölkəmizdə sağlamlıq turizmi xüsusi yer tutur. Hələ sovet vaxtından Azərbaycan belə imkanları ilə tanınıb. Hazırda kurort təsərrüfatı geniş inkişaf edir. Bu istiqamət dünyada mövsümi əhəmiyyət daşımayan, ilboyu turistlərin qəbulunun mümkün olduğu istiqamətdir».
Fəxriyyə Abdullayeva