![](/img/news/700x420/21241.jpg)
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-dən 6-dək Qətər və Küveyt dövlətlərində səfərdə olub. İkitərəfli görüşlərdə Azərbaycan və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirin keçirdiyi görüşlər Qətər və Küveyt mətbuatında geniş işıqlandırılıb.
Qətərin “Gulf Times” qəzetində “Qətər-Azərbaycan əlaqələri müzakirə olundu” başlığı altında geniş məqalə dərc olunub. Məqalədə nazir Əbülfəs Qarayevin Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Jassim bin Məhəmməd Al-Tani ilə Doha şəhərində baş tutan görüşünə geniş yer verilir. Bildirilir ki, turizm sahəsində əməkdaşlığın müzakirə olunduğu görüşdə Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayev və Qətərin Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.
“Gulf Times” qəzetinin ölkəmizə həsr etdiyi digər yazı isə “Azərbaycandan bir parça” başlığı altında nəşr olunub. Məqalədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidin Azərbaycanın turizm potensialı, mətbəxi, mədəniyyəti, tarixi ilə bağlı təqdimatına yer verilib.
![](/img/news/350x300/21242.jpg)
Qeyd edək ki, Qətərin “Al-Arab” və Küveyt Dövlətinin “Al-Watan” qəzetləri də nazir Əbülfəs Qarayevin səfərlərinə geniş yer ayırıb, dərc olunan məlumatlarda ölkəmizin turizm potensialı və yaradılmış imkanlar yerli oxucuların nəzərinə çatdırılıb.