Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində yerli və xarici alimlərin 20-dən çox məqaləsi yer alıb.
Məqalələrdə turizmin inkişafı, turizmin inkişafına təsir edən amillər, dünyada baş verən proseslərin turizmin inkişafına təsiri, turizmin inkişafının iqtisadi inkişafa təsirləri, mədəni irsin inteqrasiyasında turizmin rolu, eləcə də bu sahədə kadr potensialının inkişafının tədqiqinə geniş yer verilib.
Jurnalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycanda turizmin inkişaf meyarları” sərlövhəli məqaləsi də dərc olunub. Məqalədə Bakıda və regionlarda turizm infrastrukturunun yaradılması sahəsində görülən işlər, ölkədə keçirilən müxtəlif turizm tədbirləri, eləcə də milli mədəni dəyərlərin təbliği ilə bağı görülən işlərin təhlili əksini tapıb.