“Skal Bakı”nın növbəti toplantısında maraqlı təkliflər səsləndirilib

İyunun 14-də Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının (“Skal İnternational”) Bakı klubunun növbəti, 21-ci toplantısı keçirilib. “Park İnn” hotelində baş tutan tədbirdə əvvəlcə dünya turizm sektorunda təsiri və əhatə coğrafiyası getdikcə genişlənən “Skal İnternational”ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Bakı klubunun başqanı, “Park İnn” hotelinin baş meneceri Əhməd Yaşıldağ çıxış edib. Azərbaycan iqtisadiyyatında turizmin əhəmiyyətli yerindən bəhs edən başqan “Skal Bakı” klubunun da fəaliyyətini genişləndirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, klubun 34 üzvündən 11-i gənc skalçılardır. Ə.Yaşıldağ Azərbaycanın digər şəhərlərində də skal klublarının yaradılacağını bildirib.
Toplantıda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun deyib ki, bu tədbirə dəvət alana qədər “Skal İnternational” təşkilatı haqqında elə də məlumatlı olmayıb: “Bu dəvətdən sonra internetdə axtarış verdim və gördüm ki, bu qurum turizm sahəsinin inkişafında öz yeri olan əhəmiyyətli bir təşkilatdır. Xüsusilə Türkiyədəki skal təmsilçilərinin turizm sektorunu da hədəf almağa çalışan terror olaylarına etiraz bəyanatı mənə çox təsir etdi”.
Tədbirdə “İSR” şirkətlər qrupunun vitse-prezidenti Zəfər Tangil “Skal Bakı” klubuna yeni üzv qəbul edilib.
Sonra Əhməd Yaşıldağ “Skal Bakı”nın aprel ayındakı son toplantısından sonra görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddətdə Bakı klubu Mərmərə (Türkiyə) klubu ilə qardaşlaşıb, Türkiyənin media təmsilçilərinin Azərbaycana tanıtım səfərinin təşkil olunmasında iştirak edib. Klubun veb səhifəsi (www.skal.az) yenilənib. O, növbəti aylarda klub üzvləri üçün treninq və kursların təşkil olunacağını da söyləyib.
“Skal Bakı”nın fəxri başqanı Ruslan Quliyev klubun Azərbaycanda turizm sahəsinin inkişafında və bu sahədə Türkiyə turizm təmsilçiləri ilə geniş əlaqələrin qurulmasında rolundan danışıb. O, Bakı klubunun yaranmasında, eyni zamanda ölkəmizdə turizm sahəsinin inkişafında xidmətlər göstərmiş və beş il öncə dünyasını dəyişmiş Fayis Məmmədovun həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, klub tərəfindən Fayis Məmmədov adına təqaüd təyin edilməsi qərara alınıb. Təqaüd Azərbaycan Turizm və Menecment Universitetinin bir semestr ərzində yaxşı oxuyan və turizm sahəsində fəallıq göstərən tələbələrinə veriləcək.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov çıxışında deyib ki, Azərbaycanda skalın fəaliyyəti böyük əhəmiyyətə malikdir. Klubun hər bir üzvünün xarici səfərlərində Azərbaycanı təmsil etməsi də bir təbliğatdır.
Tədbirin sonunda 3 nəfər “Young Skal”a üzv qəbul edilib, eyni zamanda Azərbaycan turizminin inkişafında və təbliğində fəallıq göstərən sektor təmsilçilərinə klubun təşəkkürnaməsi təqdim olunub.

Fariz Hüseynov