Qax rayonunun mülayim və saf dağ iqlimi, zəngin mineral bulaqları, gözəl təbiət mənzərələri, çayları, meşələri burada turizmin müxtəlif növlərinin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və mədəni irsə malik bölgənin hər guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, hazırda Qax rayonunda 12 turizm obyekti fəaliyyət göstərir, turizm obyektlərində yerlərin sayı 800-ə çatdırılıb. Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 25 minə yaxın turist gəlib ki, bu da bir il öncəyə nisbətən 5 min nəfər çoxdur. Hazırda rayonun turizm mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilib.
Turistlərin rayonun tarixi məkanlarına, gəzməli-görməli yerlərinə ailəvi və kollektiv ekskursiyalarını təşkil etmək məqsədilə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 6 istiqamət üzrə marşrut müəyyənləşdirilib.
Yay aylarında turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisidir. Burada fəaliyyət göstərən sənətkarlıq emalatxanaları turistlərin xidmətindədir. Tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, təkəlduz və toxuculuq nümunələri, suvenir xalçalar nümayiş olunur. Turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün yay aylarında konsertlərin, əyləncəli proqramların keçirilməsi nəzərdə tutulur.