Mədəniyyət və Turizm Nazirliyi ilə “ASAN Radio”nun birgə layihəsi

Mədəniyyət və Turizm Nazirliyi "ASAN Radio" ilə birgə yeni layihəyə start verib. Layihə çərçivəsində hər həftənin çərşənbə günü saat 19-dan 20-dək "ASAN Radio"da “Mədəni turizm” adlı veriliş efirə gedəcək.
İlk veriliş artıq 22 iyun tarixində səslənib və Azərbaycanın daxili turizminə həsr olunub.
Verilişdə eyni zamanda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, viktorina keçirilib. Səbahət Novruzova adlı dinləyici viktorinanın suallarını cavablandıraraq Qobulənd istirahət mərkəzinə 2 nəfərlik tam pansion hədiyyə vauçeri qazanıb.
Verilişin hazırlanmasının digər vacib xüsusiyyətlərindən biri də odur ki, istənilən dinləyici Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə veriliş vasitəsilə canlı efirdə müraciət ünvanlaya bilər.
Qeyd edək ki, yay mövsümündə turizm mövzusu daha aktualdır və növbəti verilişlərdə daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna toxunulacaq.
Sentyabr ayından etibarən isə mədəniyyət və incəsənət müəssisələri tətildən qayıtdıqdan sonra verilişdə həm müxtəlif teatr, konsert, muzey və sərgi salonlarına dəvətnamələr təqdim ediləcək, həm də Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılacaq.