Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, müvafiq turizm infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, beynəlxalq tədbir və idman yarışlarına ev sahibliyi etməsi və digər məqsədyönlü görülən işlər gəlmə turizmin inkişafına böyük təkan verir. Azərbaycanda turizmin inkişafı və xarici turistlərin sayının artması peşəkar turizm bələdçilərinin fəaliyyətinə olan tələbatı da artırır.
İyunun 24-də Milli Kitabxanada bələdçilərin fəaliyyətinin tənzimlənməsi və peşəkarlığın artırılması, müstəqil bələdçilərin Mədəniyyət və Turizm Nazirliyinin Attestasiya Komissiyası tərəfindən akkreditasiyadan keçirilməsi və bələdçilik kartının alınması, həmçinin Bələdçilər Assosiasiyasının yaradılması məqsədilə görüş keçirilib.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və peşəkar bələdçilər iştirak ediblər.
Tədbirdə ölkəmizə gələn qonaqlara və turistlərə ekskursiya xidməti göstərən bələdçilərin fəaliyyətində mövcud olan problemlər müzakirə olunub və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Sonda bu görüşlərin mütəmadi olaraq keçirilməsi, Bələdçilər Forumunun təşkil olunması və növbəti iclaslarda konkret tədbirlərin görülməsi təklif olunub.