Fotomüsabiqənin qalibləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbirdə muxtar respublikanın Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Gənclər və İdman Nazirliyi Aparatının şöbə müdiri Nicat Babayev çıxış edib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının təbliği və təşviqi, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın turizm imkanlarının təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Çıxış edənlər tədbir iştirakçılarına muxtar respublikanın turizm imkanlarının tanıdılmasında daha da aktiv olmağı, sosial şəbəkələrdə fotoşəkillər vasitəsilə təbliğat işinin aparılmasında fəal olmağı tövsiyə ediblər.
Sonra fotomüsabiqədə fərqlənənlərə diplom, fəxri fərman, kitab və hədiyyələr təqdim olunub.