Amerikada yaşayan həmvətənimizin milli mətbəximiz haqqında kitabının imza mərasimi

ABŞ-ın Kaliforniya ştatının Vernon şəhərində həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının təqdimatı və imza sessiyası keçirilib.

ABŞ-da qida delikateslərinin ən böyük distribüteri “Melissa’s Produce”un eksperimental mətbəx laboratoriyasında keçirilən tədbirə 30-dək kulinariya icmalçısı, bloqqer və jurnalist dəvət edilib.
Qonaqlar “Melissa’s Produce” aşpazlarının “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabındakı reseptlərdən istifadə etməklə hazırladıqları Azərbaycan milli yeməklərindən dadıblar. Tədbir çərçivəsində Fəridə Buyuran Azərbaycan mətbəxi haqqında məlumat verib.
“Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan”) kitabı 2014 və 2015-ci illərdə nəşr edilib. Kitab Azərbaycan mətbəxi haqqında ingilis dilində ilk müfəssəl nəşrdir. 336 səhifədən ibarət kitabda oxuculara 200 adda qəlyanaltı və salat, şorbalar, xəmir xörəyi, ət, tərəvəz və yumurtadan istifadə edilməklə hazırlanan xörəklər, çörək növləri, plov, içki və çərəzlərin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur.
Kitaba həmçinin Fəridə Buyuranın populyar azcookbook.com bloqundan seçilmiş reseptlər daxildir. Bundan başqa, kitaba daxil edilmiş Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxi və qonaqlıq məclisləri ilə bağlı atalar sözləri bu nəşrə təkraredilməz kolorit verir.