Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qubanın turist xəritəsi hazırlanıb. Quba Azərbaycanın digər regionları ilə müqayisədə paytaxta yaxın məsafədə yerləşir və buna görə də turistlər tərəfindən ən çox səfər edilən rayonlardan biridir. Qəçrəş, Təngəaltı, Qırmızı Qəsəbə, Xınalıq kəndi və digər yerlər əsas maraq göstərilən ərazilərdir.
Turistlər bu xəritədən istifadə etməklə təbii abidələr, kempinq üçün ərazilər və turist düşərgələri, atçılıq, alpinizm, velo-turizm, moto-turizm və s. haqqında məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə ən qısa marşrutu tapmağa köməklik edəcək. Xəritədə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında da məlumat qeyd olunur.
Qubanın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Qubada fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Qeyd edək ki, əvvəllər Qubanın əsas və maraqlı görməli yerlərini özündə əks etdirən bir neçə dildə turist-bələdçi kitabı hazırlanıb. Bugünlərdə Quba Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində "Quba bələdçi kitabı" ("Guba guide book") adlı yeni kitabça nəşr edilib.
Bununla yanaşı, Azərbaycanın digər regionlarının (Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı, Mingəçevir və s.) turist-bələdçi kitabları da işıq üzü görüb.
Hazırda Gəncə, Xaçmaz, Masallı, Şəki, İsmayıllı, Qusar və digər şəhər-rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.