Beynəlxalq standartlar nəzərə alınaraq hazırlanan layihənin “AF Hotel”də təqdimatı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə çimərlik turizminin davamlı inkişafını, yerli və xarici turistlərin yüksək keyfiyyətli çimərlik xidmətlərindən faydalanmasını, turizm xidməti obyektlərində insanların təhlükəsizliyini və sanitariya-epidemioloji sağlamlığını təmin etmək, bu sahədə özəl sektor üçün çimərlik ərazilərinin standartlara uyğun planlanması və idarə edilməsi modelinin tətbiqi ilə bağlı iyulun 15-də “AF Hotel”də tədbir təşkil edəcək.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və “Kutvan proje” qrupu tərəfindən birgə hazırlanan “Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli” nümayiş olunacaq və bu modelin “AF Hotel” mehmanxanasına uyğunlaşdırılması və tətbiqinə dair təqdimat keçiriləcək.
Mövcud yerli və beynəlxalq standartlar nəzərə alınaraq hazırlanan layihə çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin istirahətinin təşkili məqsədilə çimərliyin lazımi xidmətlərlə təmin edilməsi və yalnız əlavə xidmətlərə görə ödənişin tələb olunması nəzərdə tutulub.