Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) təşkilatçılığı və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarının iştirakı ilə iki müəssisə arasında müvafiq memoranduma əsasən bölgələr üzrə təlimlərə start verilib.

İyulun 13-də Gəncə şəhərində Nizami Gəncəvi Muzeyində “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun 31 rayon üzrə nümayəndəsinə “Turizm müəssisələrində mədəni xidmətin təşkili” mövzusunda ilk treninq keçilib.
Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev təlim iştirakçılarına uğurlar arzulayıb və bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. A.Usubəliyev qeyd edib ki, yeni turizm klasterlərinin yaradılmasına, habelə turizm və mədəniyyət sektorunda problemlərin həllinə xidmət edən layihə davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.