Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi və gəlmə turizmi ilə yanaşı, daxili turizmin inkişaf etdirilməsi də prioritet istiqamətlərdəndir. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ildə bir sıra tədbirlər həyata keçirilib.

Milli adət-ənənələrin təbliği və folklor turizminin inkişaf etdirilməsi məqsədilə Ağsu rayonunun Gəgəli kəndində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Yeddi ölkənin təmsil olunduğu tədbirdə folklor qrupları çıxış edib, kəndin mətbəxi və müxtəlif ölkələrin adət-ənənələri nümayiş etdirilib.
Ölkədə yeni turizm marşrutlarının yaradılması və qeyri-ənənəvi turizm növlərinin dəstəklənməsi məqsədilə daxili və gəlmə turizm üzrə ixtisaslaşmış turizm şirkətlərinin nümayəndələri üçün Şamaxı rayonuna və Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil edilib. İnfotur çərçivəsində iştirakçılar rəsədxanada astro-turizmin təşkili ilə bağlı açıq kosmos gecələrinin nümayişi, astronomiya muzeyi, rəsədxananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanış olublar.
Turistlərin ən çox səfər etdikləri məkanlardan olan Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına salındıqdan sonra burada mövcud infrastruktur yenidən qurulub, 2012-ci ildə müasir standartlara uyğun muzey yaradılıb. 2016-cı ilin mart ayından başlayaraq turistlərə əlavə mədəni xidmətlərin göstərilməsi məqsədilə qoruq ərazisində yeni ekskursiya və interaktiv turların təşkilinə start verilib. Bu yeniliklərin yerli turizm şirkətlərinə, bələdçilərə və media nümayəndələrinə təqdim edilməsi üçün nazirliyin təşkilatçılığı ilə infotur keçirilib.
Dövlətin sosial siyasətinin dəstəklənməsi, aztəminatlı ailələrin və əlillərin asudə vaxtlarının səmərəli keçirilməsi, sosial turizmin inkişaf etdirilməsi məqsədilə nazirlik tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri üçün “Şahdağ” Turizm Mərkəzinə infotur təşkil edilib.
Bu cür tədbirlərin il ərzində davam etdirilməsi və daxili turizmlə bağlı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.