Bu ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçərişəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib.

Sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.
Respondentlərin 19%-i Rusiyanın, 16%-i Birləşmiş Ərəb Əmirliklərinin, 10,5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6,%-i Ukraynanın, 4.5%-i Böyük Britaniyanın, 26,5%-i isə digər ölkələrin vətəndaşları olub.
Turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.
“Azərbaycanda nəyi bəyəndiniz?” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçərişəhəri, Qız qalasını, Fəvvarələr meydanını, Dənizkənarı bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirib.
“Nəyi bəyənmədiniz?” sualına isə cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd edib.