Fransanın turizm sahəsində ixtisaslaşmış www.tourmag.com saytında “Entreprises de voyage” şirkətinin vitse-prezidenti Rişar Subyelin müsahibəsi dərc olunub.
O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə imzalanan memorandumdan danışıb və sənədin üç hissədən - təşviqat, təlim və sərmayədən ibarət olduğunu bildirib. Təşviqatın əsas istiqamət olduğuna və bu baxımdan, məlumat mübadiləsinin, təşviqat xarakterli turpaketlərin və turizm sahəsində statistikanın təşkil edilməsinin vacibliyinə toxunub.
Qeyd olunub ki, memorandum, turizm sahəsində layihələr hazırlanması üçün fransalı peşəkarların ölkəmizə səfərlərinin təşkilini, sərgilərdə, konfranslarda, təşviqat xarakterli tədbirlərdə iştirakını nəzərdə tutur.
Rişar Subyel müsahibəsində Fransadan gələn turistlərin psixologiyasını, gözləntilərini və tələbkarlığını nəzərə alaraq ölkəmizdə xüsusi fransızdilli bələdçilərin hazırlanmasına toxunub.
Bildirilir ki, “Salaün” şirkəti köçəri tipli, “Kuoni”, “Lucien Salemi a Vivarel Voyages” və “Alest Voyages” şirkətləri Bakıya turpaketlər və “Voyage Prive” və “Evaneos” şirkətləri isə milli səviyyədə turizm proqramları hazırlayır.
“Biz yeni turizm istiqamətləri axtarışındayıq və MİCE-nin mütəxəssisləri konqreslərin və seminarların təşkili üçün mükəmməl olan Bakı istiqamətində səfərlərin ilk təşkilatçıları olmalıdır”, - deyə Rişar Subyel vurğulayıb.