Birləşmiş Ərəb Əmirliklərində ölkəmiz haqqında məqalə dərc olunub
Birləşmiş Ərəb Əmirliklərinin “Arabian Gazette” adlı nəşrində “Azərbaycan: Fars körfəzi ölkələrinin vətəndaşları üçün yeni sevimli istiqamət” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradılması nəticəsində ölkəyə səfər edən turistlərin sayının getdikcə çoxaldığı vurğulanır.
Qeyd olunur ki, Azərbaycan regionun sabit ölkəsi olduğu üçün müxtəlif yerlərdən, o cümlədən ərəb ölkələrindən turistlər buraya səfər etməyə üstünlük verir. Bununla yanaşı, mətbəxi, insanların qonaqpərvərliyi, ümumi mədəni və dini oxşarlığa görə də ərəblər Azərbaycana üz tutur.
Bildirilir ki, bu il Fars körfəzi ölkələrindən xeyli sayda turist istirahət üçün məhz Azərbaycanı seçib. Yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd olunur ki, yanvar-iyun ayları ərzində ölkəmizə səyahət edən turistlərin sayı 30 dəfəyədək artıb. Prezident İlham Əliyevin strateji qərarından, yəni Fars körfəzi ölkələri vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasından sonra Azərbaycana bu regiondan səyahət edən turistlərin sayında böyük dəyişiklik olub. Turistlər ölkəmizin gözəl iqlimi, mədəniyyəti, mətbəxi, təbiəti və abidələri ilə yaxından tanış olmağa başlayıb. Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ, Quba, Naftalan və İsmayıllı daxil olmaqla, bütün rayonlara səfər edirlər.
Mədəniyyət və Turizm Nazirliyi yanvar-iyun aylarındakı göstəricilərinə əsasən, avqust-dekabr aylarına olan perspektivi müsbət qiymətləndirir. Nazirliyin proqnozuna əsasən, ilin sonunadək Azərbaycana Körfəz ölkələrindən daha 30 min turist səfər edəcək. Gələcəkdə turistlərin işgüzar turizm, tibbi, macəra turizmi sahələrinə də maraq göstərəcəyi gözlənilir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Atlantis Holidays” şirkəti 2011-ci ildən etibarən Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanla bağlı təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin, info və press turların təşkil edilməsi istiqamətində işlər görür.