Azərbaycanda turizm sahəsinin inkişafı baxımından görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün paytaxt Bakıda və ölkəmizin bölgələrində çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür. Bütün bunlar Azərbaycanda turizm biznesinin daha da genişləndirilməsi, ölkəmizin turistik bölgəyə çevrilməsi üçün görülən tədbirlərin nəticəsidir.
Bununla yanaşı, son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətləri və mehmanxanaların sayının artması, dünya turizm bazarına inteqrasiyanın sürətlənməsi turizm sektorunun müasir standartlara uyğun səviyyədə inkişaf etdirilməsini, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini də zəruri edir. Bu baxımdan dövlət başçısının sentyabrın 1-də imzaladığı müvafiq sərəncamlar respublikamızda turizmin inkişafında yeni mərhələ açacaq. Sərəncamlarda turizm sahəsinin inkişafı, müasir tələblər baxımından yenidən qurulması, Turizm Şurasının yaradılması, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov sərəncamlardan irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüb.
Şöbə müdiri deyib:
- Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən turizmin inkişafı ilə bağlı bir neçə sərəncam imzalanıb. Bu sərəncamlara uyğun olaraq, hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bilirsiniz ki, bu gün həm də Dünya Turizm Günüdür. Bununla bağlı olaraq hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülür, silsilə tədbirlər keçirilir.
Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda bu sahənin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq sərəncamdan irəli gələn vəzifələrin icrası üçün müəyyən işlərin görülməsinə başlanılıb. Sərəncamda Turizm Şurasının yaradılması nəzərdə tutulur. Şura, turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya-əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Ölkə başçısının sərəncamında Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bununla əlaqədar olaraq müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunacaq.
Sərəncamda Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də əksini tapıb. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Türkiyədə ölkəmizin turizm potensialının təbliğatını aparmaq məqsədilə turizm nümayəndəlikləri fəaliyyət göstərir.
Bundan əlavə, sənəddə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində turizm və rekreasiya zonalarının təşkili barədə müddəa var. Bu da şimal bölgəmizdə yerləşən Quba, Qusar, Şabran, Xaçmaz, Xızı və Siyəzən rayonlarını əhatə edir. Dəniz sahilli rayonların çimərliklərindən və digər rekreasiya zonalarından səmərəli istifadə nəzərə alınaraq, ümumilikdə bu bölgədə 100 min hektaradək ərazi turizm zonası kimi elan edilib. Bununla bağlı müvafiq işçi qrupu öz üzərinə düşən öhdəliyi yerinə yetirərək ölkə başçısına nəzərdə tutulan təklifləri təqdim etməlidir.
Sərəncamdan irəli gələn digər bir tapşırıq turizm reyestrlərinin yaradılmasından ibarətdir. Bununla da turizm şirkətləri və mehmanxanalar turistlər qarşısında rahat şəkildə öz öhdəlik və fəaliyyətlərini davam etdirə biləcəklər. Həmçinin ölkəmizə turist axınını daha da artırmaq məqsədilə əlverişli aviareyslərin açılması və aşağı büdcəli uçuşların yaradılması kimi tələblərlə bağlı təkliflər hazırlanıb ölkə başçısına təqdim olunacaq. Hazırda bu aviareyslər mövcuddur, ancaq bunların fəaliyyətini intensivləşdirmək, coğrafiyasını genişləndirmək qarşıya məqsəd qoyulub. Ümumilikdə, ölkə başçısının bu sərəncamları Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur.