2016/2017-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir neçə tələbəsi ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramları çərçivəsində dünyanın müxtəlif universitetlərində bir semestr müddətində təhsil almaq imkanı qazanıb.
Son iki il ərzində “Mövlanə mübadilə proqramı” çərçivəsində fəal iştiraka görə yeni tədris ilinin birinci semestrində universitetin 2 tələbəsi Türkiyənin Akdeniz və Sakarya universitetlərində turizm və sosial iş, 2 tələbə Orta Doğu Texniki Universitetində tərcümə ixtisasları üzrə təhsil alacaq. Müvafiq olaraq “Erasmus+ KA1” proqramı çərçivəsində 2 tələbə Finlandiyanın Kajaani Universitetində turizm, daha 2 tələbə isə Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində turizm və menecment ixtisasları üzrə bir semestr müddətində təhsilini davam etdirəcək. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Kastamonu Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, turizm ixtisasında təhsil alan 6 tələbə isə adıçəkilən universitetdə təhsilini davam etdirə biləcək.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildə imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq sentyabr ayında keçiriləcək tələbə seçimində fərqlənənlər Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 3 il müddətində təhsil ala biləcəklər. İndiyədək ATMU məzunlarından 154 nəfər eyni zamanda bu proqramı uğurla başa vuraraq iki diploma sahib olub.
Həmçinin Fransa və Böyük Britaniyada fəaliyyət göstərən bir neçə universitetlə əməkdaşlığa dair anlaşmanın imzalanması nəzərdə tutulur. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən Mərakeş Krallığı, Misir Ərəb Respublikası və başqa ölkələrin Bakıda fəaliyyət göstərən səfirlik rəsmiləri ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin 22 həftəlik istehsalat təcrübəsinin təşkili barədə danışıqlar aparılır.
Fariz