Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində də yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirildi.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Neylüfər Kərimova çıxış edərək təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Bakı Turizm Peşə Məktəbi turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Bu il məktəbin 420 məzunu olub. Təhsil müəssisəsinə 500 tələbə qəbul edilib. Direktor mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi, turizm sektorunun tələblərinə uyğun yeni ixtisasların yaradılmasının əhəmiyyətini vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizin turizm sənayesinin inkişafında onların da öz imzalarının olmasını arzuladı: “Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır. Bütün təhsil müəssisələrimizin əsas işi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir. Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbi turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur. Ancaq bununla yanaşı, daha yüksək nailiyyətlər əldə etmək üçün tələbələrimizin üzərinə böyük məsuliyyət düşür. Daim öyrənməyə çalışmaqla, savadlı, peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini sevən, məsuliyyətli vətəndaş kimi ölkəmizi layiqincə təbliğ edib tanıtmalısınız”.
Nazir vurğuladı ki, ölkəmizdə turizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı altındadır. Ölkə başçısının müvafiq sərəncamı ilə hər il Azərbaycanda sentyabrın 27-nin “Turizm işçiləri günü” peşə bayramı elan edilməsi də bunun göstəricisidir. Bu sahədə görülən işlərin Azərbaycana turist axınına da zəmin yaratdığını deyən nazir son illər müxtəlif ölkələrdən, xüsusilə Körfəz ölkələri və Rusiyadan gələn turistlərin sayında xeyli artım olduğunu diqqətə çatdırdı.
Sonda nazir ötən tədris ilinin məzunlarına diplomlar və bu il qəbul olunan bir neçə gəncə tələbə biletlərini təqdim etdi.
Fariz