Elmi şuranın iclasında yeni tədris ilinin iş planları təsdiq edilib
Yeni tədris ili ərəfəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib.
ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov turizm sənayesinin inkişaf etdirilməsində kadr hazırlığının vacibliyindən bəhs edərək bu işdə ali təhsil ocağının üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb.
Bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam bu sahəyə diqqət və qayğının növbəti təzahürüdür, ölkəmizdə turizm sənayesində yeni mərhələnin başlanmasından xəbər verir.
İclasda universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva 2016-2017-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında hesabat-məruzə ilə çıxış edib. Bildirilib ki, bakalavr səviyyəsinə 13 ixtisas üzrə 470 plan yerinə 467 tələbə, magistratura səviyyəsində 9 ixtisas üzrə 96 plan yerinə 82 nəfər qəbul olub.
Bununla da 2016-cı ildə ATMU respublikanın 49 ali təhsil müəssisəsi arasında 99,36% göstəricisi ilə 5-ci yeri tutur.
Elmi şuranın iclasında 2016-2017-ci tədris ili üçün iş planları təsdiq edilib.
Fariz