Dünyanı pulsuz gəzmək istəyən Türkiyə vətəndaşları Deniz Akden və Kadır Batuhan Azərbaycana gəliblər. Çətin və macəralarla dolu səyahətə çıxan gənclərin əsas məqsədi pulsuzluğun arzuların gerçəkləşdirilməsi üçün maneə olmadığını göstərməkdir.
Avtostopla dünya səyahətinə çıxan gənclər Gürcüstandan sonra Azərbaycanın turizm məkanları ilə tanışlığa başlayıblar.
Sentyabrın əvvəlindən ölkəmizdə olan D.Akden və K.Batuhan daha çox bölgələri gəzərək, təbiətdən zövq almağa üstünlük verirlər.
Ölkəmizdə avtostopla səyahət populyar olmasa da, onları yolda qoymayıb köməklik etmək istəyənlərin sayı çox olur. Piyada və ya avtomobillə hərəkət edən yolçular əsasən özləri ilə daşıdıqları çadırda gecələyirlər. Amma qonaqpərvərlik göstərib evə dəvət edən yerli sakinlərə də etiraz etmirlər.
Azərbaycanın bir çox yerini, o cümlədən Qubanı gəzib-dolaşan səyyahlar yerli sakinlərin onlara münasibətindən çox razı qaldıqlarını bildiriblər.
Avqust ayında Türkiyədən səyahətə başlayan səyyahlar Azərbaycandan sonra İrana gedəcəklər. Hindistan, Çin, Yaponiya, Kanada, ABŞ səyahət edəcəkləri ölkələr sırasındadır.