Bu il əlamətdar gün ilk dəfə Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi də qeyd ediləcək
27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Bu il əlamətdar gün həmçinin Prezident İlham Əliyevin sentyabrın
1-də imzaladığı müvafiq sərəncama əsasən ilk dəfə Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd ediləcək.
Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də “Holiday İnn” hotelində “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olunacaq.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Dəyirmi masa çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuat konfransı, Dünya Turizm Günü ilə bağlı mərasim və panel iclasları təşkil olunacaq. Tədbirdə nazir Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) proqram və koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi, aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatlar iştirak edəcək.
Panel iclasları “Turizmdə multikulturalizmin rolu” və “Mədəniyyətlərarası tolerantlığın və qarşılıqlı anlaşmanın inkişafında turizmin təsiri” mövzularına həsr olunacaq.
Bundan əlavə, Xalça Muzeyində Dünya Turizm Günü və Azərbaycan turizm işçilərinin peşə bayramı münasibətilə mükafatlandırma mərasimi nəzərdə tutulub. Mərasimdə UNWTO-nun baş katibi Taleb Rifainin videomüraciətinin yayımlanacağı da gözlənilir.
Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı tərəfindən təsis edilən bu gün 1980-ci ildən bir çox ölkələrdə qeyd olunur. Əlamətdar günün məqsədi turizmin təbliği, dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, bu vasitə ilə müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsidir. Dünya Turizm Günü hər il müəyyən bir deviz altında qeyd olunur, bu il “Hamı üçün turizm” devizi seçilib.
Fariz