Hər il paytaxt Bakıda və regionlarda yeni turizm obyektləri, hotellər istifadəyə verilir. İnfrastrukturun gücləndirilməsi ilə yanaşı, ölkəmizin turizm sənayesinin gələcək inkişafının təmin edilməsi həm də ixtisaslı yerli kadr hazırlığından asılıdır.
Azərbaycan Turizm və Menecment Universiteti bu sahədə yeganə ixtisaslaşmış ali təhsil ocağı kimi ölkənin turizm sənayesini müvafiq kadrlarla təmin edir. Universitetin rektor əvəzi Eldar Aslanovun sözlərinə görə, yüksəkixtisaslı kadr potensialının artması tədricən hotellərin idarə olunmasında da özünü göstərməli, bu müəssisələrdə xarici mütəxəssisləri tədricən püxtələşmiş yerli peşəkarlar əvəzləməlidir.
Eldar Aslanov qeyd edir ki, indiyə qədər ölkə üzrə Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirliklərinin birgə təşkil etdiyi kurslarda 2 min nəfərdən çox insan iştirak edib: “Bundan əlavə, 1648 nəfər Bakı Turizm Peşə Məktəbinin, 1706 nəfər (1600 nəfər bakalavr, 106 nəfər magistr) Azərbaycan Turizm və Menecment Universitetinin məzunu var. Hər il nə qədər kadr Mingəçevir Turizm Kollecindən məzun olur. Ayrı-ayrı turizm təşkilatları da müxtəlif kurslar təşkil edir. Bütün bunlar turizm təhsilli kadrlardır. Amma təəssüflər olsun ki, xüsusilə regionlardakı bəzi turizm obyektlərində ixtisaslı yerli kadrlarla təminat sahəsində çatışmazlıqlar mövcuddur. Hər il ölkədə 35-40 yeni turizm obyekti fəaliyyətə başlayır. Ölkə Prezidentinin 1 sentyabr tarixli “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından sonra bu obyektlərin sayı daha da artacaq. Bu isə ölkədə adıçəkilən sahədə rəqabətin getdikcə artması deməkdir. Bu zaman kim keyfiyyətli xidmət təklif etsə, o da bazarda qala biləcək”.
Eldar Aslanov vəziyyətdən daha bir çıxış yolunu qanunvericiliyə müvafiq müddəaların daxil edilməsində görür. Onun fikrincə, turizm müəssisələri rəhbərlərindən tələb olunmalıdır ki, əməkdaşları işlədikləri sahə üzrə təhsil almış olsunlar. Bu zaman onlar məcburi olaraq işçilərini sertifikat proqramlarına göndərəcəklər.
Məsələnin Mədəniyyət və Turizm Nazirliyinin də diqqət mərkəzində olduğunu deyən mütəxəssis bildirir ki, hotel əməkdaşları üçün təlimlərin, seminarların təşkili davam edəcək. Bu treninqlərə müəyyən mərhələdə turizmə dolayısı ilə aidiyyəti olan idarə və təşkilat əməkdaşları da cəlb olunacaq. E.Aslanov qeyd edir ki, bütün bu məsələlər “Turizm haqqında” yeni qanunun qəbulundan sonra öz həllini tapacaq.
Fariz Hüseynov