Kleopatranın gözəllik məkanı Pamukkale, Osmanlı evləri ilə zəngin Buldan…
Xəbər verdiyimiz kimi, 2-7 oktyabr tarixində Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, sağlamlıq turizmi obyektləri və media vasitələrinin bir qrup nümayəndəsi Türkiyənin termal turizm məkanlarına tanışlıq səfəri edib. Türk Hava Yolları, "NG Hotel Group", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə tur iştirakçıları Afyon, Dənizli və İzmirdə oldular.
Türkiyənin əsas kurort bölgələrindən olan Dənizli eyni zamanda tarixi eramızdan əvvələ gedib çıxan zəngin irsə malikdir. Bura vaxtilə qədim dövlətlərin mərkəzi, hökmdarların iqamətgah yeri olub.
“Pambıq təpələr” fonunda antik şəhər
Səfər çərçivəsində baş çəkdiyimiz tarixi məkanlardan biri məşhur Pamukkale (Hierapolis) idi. Uzaqdan sanki ağappaq pambığa bürünmüş təpələr çox cəlbedici görünürdü. Bələdçimiz Əli Kayanın bildirdiyinə görə, bu təpələrin ağ olmasına səbəb termal qaynaqlardan axıb gələn sudur. Daha əvvəllər isə bu yerlərdə hotellər olub və o zaman bu təpələr belə ağ olmayıb, necə deyərlər, rəngi pozulub. Sonra şəhər rəhbərliyi bütün hotelləri sökdürüb və məkan da öz təbii rənginə qayıdıb.
Budur, yaşı min illər öncəyə dayanan antik şəhərə yol alırıq. Girişdə bizi böyük xoruz heykəli qarşılayır. Bələdçidən öyrənirik ki, bu, Dənizlinin simvoludur.
Bilet alıb içəri daxil oluruq və qarşımızda geniş antik şəhər qalıqları görünür. Hierapolis (Pamukkale) arxeoloji ədəbiyyatda “müqəddəs şəhər” adlandırılır. Bu isə şəhərdə dini məbəd və tikililərin çoxluğundan qaynaqlanır.
Dənizlidən 22 km uzaqda yerləşən bir antik məkanda yerin altından yüksələn isti su qaynaqlarının sakit axını və kiçik şəlalələr qədim Roma və Bizans dövründən qalma arxeoloji qalıqlara füsunkar fon yaradır. Çökelez dağının ətəyindən axıb gələn kalsium-oksidli suların meydana gətirdiyi pambıq ağlığını xatırladan yayla olduqca ecazkardır.
Kalsium duzları və karbon qazı olan 35 dərəcə istilikdəki termal su qaynaqları əsrlərdən bu yana müxtəlif xəstəliklərə şəfa axtaran insanların ən çox baş çəkdikləri yerlərdən biridir. Bu qaynaqların ətrafında antik dövrdə Hierapolis adlı yaşayış məkanı meydana gəlib. Bura Aralıq dənizi hövzəsində geniş yayılmış qədim yunan və Roma sivilizasiyasının ehtişamlı məkanlarından yalnız biridir. Minerallarla, isti sularla qidalanan təbii terraslar, hovuzlar və digər tərəfdən də yüksələn möhtəşəm binalar insanda bitib-tükənməyən təəssürat yaradır.
Bir vaxtlar qədim Roma imperatorlarının məskəni, Misir kraliçası Kleopatranın gözəllik məkanı olmuş Hierapolis-Pamukkale geniş küçələri, qədim tikili qalıqları, möhtəşəm sütunları ilə açıq hava altında antik qalereyadır. On min nəfərlik amfiteatr, isti və soyuq su bölmələri olan hamamlar və bir çox başqa tarixi tikililərlə zəngin olan Hierapolis UNESCO-nun Dünya mirası siyahısına daxil edilib.
Haqqında çoxlu əfsanələr, hekayələr danışılan bu məkan hər zaman turistlərlə doludur. Deyilənlərə görə, Pamukkale Roma imperatoru Neron dövründə baş vermiş zəlzələdə böyük ziyan çəkib və tamamilə dağılıb. Ard-arda baş verən zəlzələlərdən sonra şəhər tədricən yunan sivilizasiyası xüsusiyyətlərini itirərək tipik bir Roma şəhəri görünüşünü alır. Hierapolis Bizans dövründə də çox əhəmiyyətli bir mərkəz olub. Yolboyu antik şəhərdə kilsələrə də rast gəlmək olurdu. Bizim eranın IV əsrində şəhər xristianlığın önəmli məkanı kimi önə çıxıb.
Kleopatra hovuzu
Pamukkale yeraltı suları (travertenler) sayəsində hər zaman turistləri özünə cəlb edir. Deyilənə görə, vaxtilə Kleopatranın çimib gözəlləşdiyi antik hovuz isə Pamukkalenin ən əhəmiyyətli simvollarından biridir. Sağlamlığa faydalı olan suyu ilə dünyanın azsaylı belə məkanlarından biri olaraq qəbul edilir. İldə minlərlə adamın üzdüyü bu hovuz, bir çox xəstəliyə, necə deyərlər, dərmandır. Hələ Roma imperatorluğu dövründə Hierapolis və ətrafı tam bir sağlamlıq mərkəzinə çevrilmişdi. O illərdə şəhər və ətrafında qurulan 15-dən çox hamama minlərlə insan gəlir və sağlamlıqlarına qovuşurmuşlar. Aparılan araşdırmalara görə, hovuzun suyu ürək, qan-damar xəstəlikləri, təzyiq, revmatizm, dəri, göz, raxit, iflic, sinir və damar xəstəliklərinə, içildikdə isə mədə xəstəliyinə çox yaxşı təsir etməkdədir. Hovuzu əhatə edən rəngarəng güllərdən ibarət bağça onu daha da cazibədar edir.
Monumental alaqapılar, qədim hamamlar
Təxminən 1 km uzunluğunda olan şəhərin ən əsas küçəsi onu ikiyə bölür. Küçənin iki tərəfində sütunlu tikililər yer alıb. Hər iki tərəfdə monumental alaqapılar var. Müxtəlif istiqamətlərə açılan qapılara Şimali Roma, Cənubi Roma qapıları kimi adlar verilib.
Dini bir əhəmiyyətə sahib olan Hierapolis antik çağlarında təmizliyə də böyük əhəmiyyət verirdi. Yolçular şəhərə daxil olanda təmiz olmaları üçün şəhərin giriş və çıxışlarında hamamlar inşa etmişlər. Bu hamamlardan biri - “kilsə hamamı” günümüzə qədər yaxşı qorunub. Bizans hamamı isə VII əsrdə meydana gələn böyük zəlzələdə dağılıb. Böyük hamama gəlincə, o, indi Arxeoloji muzeyə çevrilib.
Buldanın tarixi evləri
Dənizli vilayətində baş çəkdiyimiz ikinci məkan Buldan oldu. Vilayətin rayonlarından biri olan Buldan həm də toxuculuq sahəsində bütün Türkiyədə məşhurdur. Tarixi Buldan evləri isə Dənizlinin ən əhəmiyyətli mədəniyyət zənginlikləri arasında yer alır. XVIII-XIX əsrlər Osmanlı şəhər ənənələrini günümüzədək daşıyan bu tarixi evlər Buldanı cazibə mərkəzinə çevirən atributlardan biridir. Təəssüf ki, ötən illərdə tarixə laqeydlik üzündən belə tikililərdən bir çoxu dağıdılıb və yerində müasir evlər inşa edilib. Bununla belə günümüzə də az sayda gəlib çıxan bu tikililərin özünəməxsus zəngin memarlıq quruluşu var.
Taxtadan tikilmiş Buldan evləri saçaq və bacaları ilə ayrı bir gözəllik daşıyır. Xüsusilə bacalarda gözədəyən muncuqlar tam fərqlidir. Bu evlərin digərlərindən fərqli xüsusiyyətlərindən biri də bir-birlərinin mənzərəsinə mane olmamasıdır. Tikilmə tarixləri dəqiq bəlli olmasa da, orta yaşları 150-200 il arasında qəbul edilməkdədir. Onların bu günə qədər qorunmasının bir səbəbi sakinlərin hələ də bu evlərdə yaşamalarıdır.
Tarixi evlərlə tanışlıq zamanı bəlli oldu ki, Dənizli valiliyi Buldan mədəni irsinin qorunması və yerli inkişafın təmin edilməsi layihəsini həyata keçirməyə hazırlaşır. Layihə çərçivəsində şəhərin 7 məhəlləsini əhatə edən tarixi bölgədə bərpa işləri aparılacaq. Xatırladaq ki, Türkiyənin Safranbolu şəhərində bərpa edilmiş belə evlər UNESCO-nun Dünya mirası siyahısına daxil edilib.
Qədim xalq sənəti nümunələrinin, o cümlədən ipəkçiliyin, toxuculuğun mərkəzi sayılan Buldan qəsəbəsi ilə tanışlıq maraqlı təəssürat yaratdı. Bələdiyyə başqanı Mustafa Gülbay azərbaycanlı qonaqların gəlişindən məmnunluğunu ifadə edərək Buldanı tanınmış turizm mərkəzinə çevirmək üçün görüləcək işlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, Buldan sakinlərinin bir qismi qədim evləri alaraq yaşayışlarını orada davam etdirir. Bələdiyyə başqanı özü də iki ənənəvi Buldan evinin sahibidir və onları tarixi memarlıq quruluşlarını qoruyub saxlamaqla təmir etdirməyə hazırlaşır. Mustafa Gülbay nümayəndə heyətinə Buldan sənətkarlarının əl işləri olan hədiyyələr təqdim etdi.
* * *
Azərbaycanlı turizm və media təmsilçilərinin səfəri Dənizlidən sonra İzmir-Balçova bölgəsində davam etdi. İnfotur iştirakçıları "Kaya İzmir" hoteli ilə tanış oldu, burada təşkil edilən seminara qatıldılar. Seminarda iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşməklə yanaşı, nümunəvi sağlamlıq turizmi klasterlərinin yaranması imkanlarını dəyərləndirdilər.
Zəngin və maraqlı səfər proqramı oktyabrın 7-də yekunlaşdı.
Mehparə Sultanova
Ankara