Ölkə Prezidentinin Azərbaycanda turizmin müxtəlif növlərinin yaradılması və təbliği ilə bağlı tapşırıqlarının icrası çərçivəsində sağlamlıq turizminin inkişafı məqsədilə tədbirlər həyata keçirilir. “Qalaaltı” kurort mərkəzinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyana üzv seçilməsi və bu çərçivədə məqsədyönlü fəaliyyət həmin tədbirlərin tərkib hissəsidir.
19-20 oktyabr tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.
Tədbirin gündəliyində yer alan məsələlərdən biri 2018-ci ildə assosiasiyanın baş konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsi ilə bağlı idi.
Tədbirdə Azərbaycan üzrə koordinator G.Aslanova tərəfindən “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilib, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumat verilib.
Çıxışında Azərbaycanın təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib.
Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olub və bu ali tədbirin 2018-ci ilin may ayında “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində bu ilin yanvarında “Qalaaltı” sanatoriyası sözügedən marşruta üzv qəbul olunub.
Konfransda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun da təqdimatı keçirilib və bu nəşrin xəritəsinə artıq ölkəmiz də əlavə olunub. Nəşrdə Azərbaycanın termal bölgəsi olan “Qalaaltı” kurort mərkəzi haqqında geniş məlumat və fotoşəkillər verilib.
EHTTA tərəfindən bu kataloqun noyabrda Londonda keçiriləcək “WTM 2016” beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.