Sumqayıt şəhərində Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin memarlıq kompleksinin təməlqoyma mərasimi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin nəfəs alətləri orkestrinin və vokalçıların ifasında ölməz bəstəkarın əsərlərinin səslənməsi ilə başlayıb.
   Mərasimdə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 

   Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycanın musiqi korifeyinin çoxşaxəli bəstəkarlıq və ictimai fəaliyyətindən söhbət açıb: «Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. Milli musiqimizdə elə bir sahə, elə bir janr yoxdur ki, bu və ya digər şəkildə Üzeyir bəyin adı ilə bağlı olmasın. Onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaratdığı “Leyli və Məcnun” operası təkcə Azərbaycanın deyil, həm də Şərqin ilk operası kimi tarixə düşüb. Şərqdə ilk operetta janrının, musiqili komediyanın yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Ölməz romansları “Sənsiz” və “Sevgili canan”, yaradıcılığının şah əsəri olan “Koroğlu” operası Azərbaycan musiqi sənətinin tarixində yeni səhifələr açıb. “Arşın mal alan” operettası dünyanın 70-ə yaxın dilində səslənib, 100-dən çox şəhərdə tamaşaya qoyulub».
   V.Əliyev bildirib ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət qüdrətli bəstəkarlıq məktəbi yaradaraq, ölkəmizdə musiqi təhsilinin əsasını qoyub. Onun ən böyük xidmətlərindən biri isə müstəqil Azərbaycan Respublikasının himnini yaratmasıdır: «O himn sonra kənarlaşdırıldı. 1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni himni yarandı. Onu da Üzeyir Hacıbəyov yaratdı. Nəhayət, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Üzeyir Hacıbəyovun 1919-cu ildə yaratdığı Dövlət himni yenidən bərpa edildi. Bunlar hamısı Azərbaycanın tarixidir. Bunlar hamısı Üzeyir Hacıbəyovun həyat yolunun, yaradıcılığının mərhələləridir. Təkcə Azərbaycanda deyil, dünyanın çox yerində Üzeyir bəyin musiqisi məhəbbətlə qarşılanır. Bu ecazkar musiqi istər kiçikdən böyüyə hamının dillər əzbəridir. Təsadüfi deyil ki, Üzeyir bəyin anadan olduğu günü - 18 sentyabrı respublika ictimaiyyəti Azərbaycan musiqisinin bayramı kimi hər il böyük təntənə ilə qeyd edir».
   İcra başçısı çıxışının sonunda onu da vurğuladı ki, yaradıcı ziyalılara həmişə böyük həssaslıqla yanaşan mərhum prezidentimiz Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını yüksək qiymətləndirib: «Bu ənənə indi də dövlət başçısı İlham Əliyev tərəfindən yüksək bacarıqla davam etdirilir. Onun müəllifi olduğu uğurlu iqtisadi strategiya mədəniyyətimizin inkişafında da yeni səhifə açıb. Bu gün ölkəmiz, sözün əsl mənasında, mədəni dirçəliş mərhələsini yaşayır. Respublikamızın müxtəlif bölgələrində tarixi abidələr bərpa edilir, teatrlar, muzeylər, kitabxanalar əsaslı təmir olunur, ən müasir standartlara cavab verən yeni mədəniyyət ocaqları inşa edilərək insanların istifadəsinə verilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin dünya miqyasında təbliği naminə həyata keçirdiyi nəcib missiya xüsusilə təqdirəlayiqdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə Azərbaycanın qədim mədəniyyətinə həsr olunmuş beynəlxalq tədbirlərin, musiqi festivallarının, simpozium və müsabiqələrin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlərin sırasında Bakıda və Parisdə Üzeyir Hacıbəyovun 120 illiyi münasibətilə böyük təntənə ilə keçirilən möhtəşəm yubiley gecələri, dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Üzeyir dünyası” adlı layihəsi xüsusi yer tutur».
   Onu da qeyd edək ki, Üzeyir Hacıbəylinin abidəsinin təməlqoyma mərasimi Sumqayıtın 60 illik yubileyi ərəfəsinə təsadüf edib. Bu isə əlamətdar hadisənin tarixi əhəmiyyətini daha da artırır. Doğma şəhərlərinin yubileyinə hazırlaşan sumqayıtlılar bununla özlərinin bayram ovqatına Üzeyir dünyasının sehrli musiqisini də qatmış oldular.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar