“Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” çərçivəsində cari ilin 14-16 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi AMEA ilə birlikdə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirəcək.
   
   Konfransda Hələb Vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, vilayətin müftisi, doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər - İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət iştirak edəcəklər. Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək.
   Konfrans çərçivəsində İmadəddin Nəsiminin Hələb şəhərində yerləşən türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Böyük şairin 600 il ərzində qorunub saxlanılmış qəbrinin hər iki xalq üçün əziz olduğu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyi nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb.
   2008-ci ilin noyabrında Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilmiş, Hələb vilayətinin müvafiq dövlət orqanlarında məqbərənin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib.
   2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunan tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev və Suriya Ərəb Respublikasının mərhum Prezidenti Hafiz Əl-Əsəd tərəfindən qoyulmuş Azərbaycan-Suriya əlaqələri son dövrlər daha yüksək səviyyəyə qalxmış, ikitərəfli əlaqələrin sürətli inkişafı üçün münbit şərait yaranıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar