Əbülfəs Qarayev: “Biz məktəblərdən daha aktiv fəaliyyət gözləyirik. Yeniləşmək, inkişaf etmək üçün daha çox işləmək lazımdır”
   
   Sentyabrın 21-də Dövlət Rus Dram Teatrında respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009-2010-cu tədris ilinin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətindən, bu sahədə əldə olunan nailiyyətlərdən, mövcud problemlərdən danışdı.
   
   Əbülfəs Qarayev Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətlərinin yaxşılaşdırılması üzrə İnkişaf Proqram”nda prioritet istiqamətlər kimi müəyyən edilən məsələlərə də toxundu. Nazir bildirdi ki, məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi vacibdir: “Azərbaycanda 237 musiqi məktəbi fəaliyyət göstərir, həmin müəssisələrdə 70 min şagird təhsil alır və 16 min müəllim çalışır. Hər bir musiqi məktəbinin direktoru rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətini diqqətlə saf-çürük edib, gələcək işlər haqqında, mövcud nöqsanları aradan qaldırmaq barədə düşünməlidir”.
   Nazir qeyd etdi ki, daha istedadlı şagirdlərimiz orkestrlər üçün seçilməli və onlar beynəlxalq səviyyəli tədbirlər, UNESCO-nun səhnəsi üçün hazırlanmalıdır: “Bu gün, bu sahəyə xüsusi qayğı və diqqət var. Musiqi və incəsənət məktəblərinin binaları təmir olunur. Biz də öz növbəmizdə məktəb direktorlarının islahatlar aparmasını tələb edirik. İslahat yenilik deməkdir. Biz daha aktiv fəaliyyət gözləyirik. İstedadlı uşaqlarımız üzə çıxmalıdırlar. Onlar xalq və klassik musiqimizi təmsil etməlidirlər. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün gördüyümüz işlər kifayət deyil. Yeniləşmək, inkişaf etmək üçün daha çox işləmək lazımdır. Bizim üçün maraqlı odur ki, sizin rəhbərlik etdiyiniz məktəblərdə Azərbaycanın klassik müəllifləri necə təbliğ olunur. Eləcə də sizin məktəblərdə təhsil alan şagirdlərin neçəsini beynəlxalq səviyyəyə çıxara biləcəyik və neçə şagirdiniz məktəbi bitirdikdən sonra orkestrlərimizdə fəaliyyət göstərə biləcək. Bizim əsas iş prinsipimiz bu olmalıdır. Bu sahədə bəzi problemlər mövcuddur. Problemlər də müzakirə olunmalı və çıxış yolları tapılmalıdır”.
   Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009-2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yolları ilə bağlı geniş məruzə ilə çıxış etdi. O, məruzəsində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə işinin təşkilində mövcud problemlərin aradan qaldırılması üçün görüləsi işlər barəsində də məlumat verdi. 2, 12 və 38 saylı uşaq musiqi məktəblərinin əsaslı təmir olunduğunu, musiqi müəllimlərini və xüsusi istedada malik olan şagirdlərin maaş və təqaüdlərinin artırıldığını qeyd etdi. Natiq, həmçinin mövcud problemlərin aradan qaldırılması üçün görülən işlər barəsində söz açdı.
   Qara Qarayev adına 8 saylı Uşaq musiqi məktəbinin direktoru Kamal Paşazadə, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin direktoru Natiq Vəliyev və digər direktorlar çıxış etdikdən sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış etdilər.
   Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşavirə iştirakçıları ilə gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması, təhsilin məzmunu və strukturu haqqında fikir mübadiləsi apardı. Yekun olaraq nazir bu yöndə məktəb direktorlarına öz tövsiyələrini verdi. Bildirdi ki, məktəb direktorları təkliflərlə çıxış etməli, müxtəlif klassik alətlərdə ifa edən və rəqslə məşğul olan şagirdlərin hər il Heydər Əliyev Sarayında konsertləri keçirilməli və uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri arasında əlaqələr genişlənməlidir.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar