İki ölkə arasında mədəniyyətin bir çox sahələrində əməkdaşlığa dair xüsusi işçi qrupu yaradılacaq
      
   Xəbər verdiyimiz kimi, sentyabrın 25-dən İranda Azərbaycan Mədəniyyəti Günləri başlayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti Tehranda səfərdədir. Nümayəndə heyətinin tərkibinə daxil olan “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətovun bildirdiyinə görə, sentyabrın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi ilə görüşüb. Görüşdə İranda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyəti, qarşılıqlı mədəniyyət mübadiləsinin rolu, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri - kitab nəşri, kino, nəşriyyat işi, incəsənət xadimlərinin qastrollarının və sərgilərin təşkili, əməkdaşlıq məsələləri müzakirə edilib.
   
   Görüş zamanı İran və Azərbaycanın birgə film istehsalı ilə bağlı razılıq əldə olunub və iki ölkə arasında 2013-cü ilə qədər mövcud olan mədəni əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəlinib. Bununla bərabər, danışıqlar nəticəsində İran və Azərbaycan klassiklərinin əsərlərinin həm Azərbaycan, həm də fars dilində nəşr olunub yayılması barədə də razılıq əldə olunub.
   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bəqayi ilə görüşüb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini diqqətə çatdıran nazir buna görə İran tərəfinə təşəkkürünü bildirib və qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən danışıb. Mədəniyyət Günlərinin Tehran və Təbriz şəhərlərini əhatə etdiyini deyən Əbülfəs Qarayev ümidvar olduğunu bildirib ki, növbəti belə tədbirlər Ərdəbil və İsfahan şəhərlərində də təşkil olunacaq. Nazir qarşılıqlı mədəni tədbirlərin əsrlər boyu birgə yaşamış xalqlarımızın daha sürətlə bir-birinə yaxınlaşması prosesinə böyük töhfə olacağını vurğulayıb.
   H.Bəqayi ilə görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivlərindən bəhs edən Əbülfəs Qarayev xatırladıb ki, hər il İrandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən on faiz artır. Nazir Azərbaycanda turistlərin səmərəli istirahəti üçün beynəlxalq standartlara uyğun şərait yaradıldığını bildirib.
   Görüşlərdə ölkələrimiz arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan İran rəsmiləri Azərbaycan ilə xoş münasibətlər qurulmasına xüsusi əhəmiyyət verildiyini və bu sahədə çoxşaxəli əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıblar. 2010-cu ildə İranda keçirilmiş “Fəcr” Beynəlxalq Kino və Teatr Festivallarında Azərbaycan tərəfin fəal iştirak etdiyi vurğulanıb. Xalqlarımızın ortaq bayramı olan Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi irs siyahısına daxil edilməsi əlamətdar hadisə kimi qeyd olunub.
   Görüşlərdə birgə film istehsalı, kino kadrlarının hazırlanması, kitab və rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin əsərlərinin Azərbaycan və fars dillərinə qarşılıqlı tərcüməsi və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
   
   * * *
   Sentyabrın 27-də Tehran şəhərindəki “Niyavəran” Mədəniyyət Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi olub. Mərasimdə İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
   Müqəddəs “Qurani-Kərim”dən surə oxunduqdan sonra Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında İranda Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, belə mərasimlərin qarşılıqlı təşkili Azərbaycan və İran xalqları arasında mövcud olan tarixi kökləri daha da möhkəmləndirir. Müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olan Azərbaycan və İran xalqlarının hazırkı münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, dövlətlərimiz arasında qarşılıqlı etimadın yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu mehriban qonşuluq və səmimi dostluq siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev və prezident Mahmud Əhmədinejad arasındakı səmimi dostluq Azərbaycan və İran arasında əlaqələrin hərtərəfli inkişafına zəmin yaradır.
   Azərbaycan xalqının öz görkəmli şəxsiyyətləri ilə dünya mədəniyyəti xəzinəsinə böyük dəyərlər bəxş etdiyini qeyd edən natiq bildirib ki, Azərbaycanda dekorativ-tətbiqi sənəti, miniatür rəngkarlıq, memarlıq və heykəltəraşlıq sahəsində zəngin ənənələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalçalar hələ intibah dövründə Avropada böyük şöhrət qazanıb, tarixi-memarlıq abidələrimiz görkəmli tədqiqatçıların diqqətini cəlb edib.
   Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətini davam etdirməkdə olduğunu diqqətə çatdıran nazir Əbülfəs Qarayev bildirib ki, işğal altında olan Azərbaycan torpaqlarındakı qədim abidələr, memarlıq nümunələri ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qəbiristanlıqlar dağıdılır, məscidlər və ibadətgahlar təhqirlərə məruz qalır. Ermənistanın bu siyasəti Azərbaycan və İran xalqlarının tarixinə və mədəniyyətinə qarşı təhqirdir.
   Mərasimdə çıxış edən İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ölkələrimiz arasında mədəni əlaqələrin tarixindən və müasirliyindən danışaraq qeyd ediblər ki, mədəni münasibətlərin inkişafı xalqlarımızın yüksək qədim və müasir mədəniyyətinin, dövlətlərimizin qüdrətinin nümayişidir.
   Rəsmi hissədən sonra mədəniyyət günlərinin birinci bölümündə incəsənət ustalarımız geniş konsert proqramı ilə çıxış ediblər. Azərbaycan musiqisinin gözəlliyi, təkrarsızlığı və ecazkarlığı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə vokalçılar - əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı klassik əsərlərimizdən nümunələr, Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov bir neçə muğam, o cümlədən “Qarabağ şikəstəsi”ni ifa ediblər. Onların çıxışı ayaq üstə alqışlanıb.
   Musiqiçilərimizi əməkdar artistlər - tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov, udda Mircavad Cəfərov müşayiət ediblər.
    "Toy", “İgidlər” və “Çobanlar” rəqslərini isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu yüksək peşəkarlıq və ustalıqla nümayiş etdirərək qədim və bitkin kompozisiyalı Azərbaycan rəqslərinin incəliyini bir daha nəzərə çatdırıb. Aşıq Nemət Qasımovun sazda ifa etdiyi havalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu, Azərbaycanın zəngin musiqisinin, incəsənətinin və mədəniyyətinin əsl təntənəsi olub. Xalqlar arasında ən etibarlı, ən səmimi körpü də elə mədəniyyətdir.
   Sonra mərasim iştirakçıları “Niyavəran” sarayının salonlarında təşkil olunan kitab və rəsm sərgilərini maraqla izləyiblər.
   
   * * *
   Sentyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçısı olan sənətçilərin bir qrupu Təbriz şəhərinə gedib.
   Qeyd edək ki, Azərbaycan Mədəniyyəti Günləri Tehran və Təbrizdə bu gün də davam edəcək.
   Mədəniyyət günlərinin proqramına muğam ustalarımızın, aşıqlarımızın, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları ilə yanaşı, Azərbaycan filmlərinin nümayişi də daxildir. İranlı tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmlərinə baxmaq imkanı da əldə ediblər.
   İranda Azərbaycan Mədəniyyəti Günləri sentyabrın 30-da başa çatacaq.
   
   “Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar