Noyabrın 30-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şurasının XV iclası keçirildi. Əvvəlcə tədbirin iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ümummilli liderin abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər. 
   
   Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qonaqları salamlayaraq Dövlətlərarası Şuranın XV iclasının Bakıda təşkilini yüksək qiymətləndirdi: “Bakıda mütəmadi olaraq beynəlxalq miqyasda müxtəlif tədbirlər, festivallar, müsabiqələr keçirilir. “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclasının paytaxtımızda keçirilməsini yüksək qiymətləndirirəm. Cəmiyyətin mənəvi inkişafında kitabların rolu danılmazdır. XXI əsrdə kitab oxuma mədəniyyəti qlobal xarakter alıb. Buna görə də elektron zəmanəmizin çağırışlarına layiqincə cavab vermək, nəşriyyat, kitabxana, təhsil, elm və mədəni birliklərin səylərini birləşdirmək zəruridir. MDB məkanında əməkdaşlıq üçün əlverişli ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür. Lakin o da sirr deyil ki, bu əməkdaşlığın mətbuatda işıqlandırılması hələlik yetərli səviyyədə deyil”.
   Nazir müavini tədbirin ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi.
   İclasın aparıcısı, MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şurasının sədri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu tədbirin məqsəd və əhəmiyyətindən, müzakirə olunan məsələnin aktuallığından, görüləcək işlərdən danışdı. O, qurumun fəaliyyəti çərçivəsində dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırladığını qeyd etdi. Bildirdi ki, qurum həmçinin MDB ölkələrində göstərilən sahələr üzrə birgə tədbirlər keçirir, ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir. Qeyd edək ki, 1999-cu ildə təsis olunan “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuraya Azərbaycan 2005-ci ildən üzv olub və qurumun işində fəal iştirak edir.
   Tədbirdə “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” mövzusu ətrafında müzakirədə çıxış edən Rusiya Federasiyası Nəşr və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin dövri mətbuat idarəsi rəisinin müavini Gennadi Kudiy, Qazaxıstanın “Uşaq ədəbiyyatı” nəşriyyatının direktoru Şayzada Baykenova, Belarusun “Makbel” kitab nəşri və satışı üzrə istehsalat birliyinin baş direktoru Dmitri Makarov, MDB Müstəqil Kitab Yayımı Assosiasiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva, Tacikistanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Xasam İsmatuloyev və başqaları cəmiyyətdə kitaba verilən qiymətdən, kitab bazarındakı iqtisadi böhrandan, kitab nəşri və poliqrafiya sahəsindəki nöqsan və uğurlardan danışdılar. Şuranın fəaliyyətindən, MDB ölkələrində reallaşdırdığı tədbirlərdən söz açan natiqlər Bakıda keçirilən iclasın əhəmiyyətini vurğuladılar.
   Azərbaycanın tanınmış çap və poliqrafiya müəssisələrinin rəhbərlərinin, KİV nümayəndələrinin qatıldığı tədbir müvafiq sənədlərin imzalanması ilə yekunlaşdı.
   
   Yeganə Cansail