Dekabrın 6-da Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı işə başlayıb. 
   
   Tədbirlər Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta-ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub. Açılış mərasimində çıxış edən BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə və konfrans 2010-cu ili “Mədəniyyətlərin beynəlxalq yaxınlaşması ili” elan edən UNESCO-nun himayəsi altında keçirilir.
   Layihənin müəllifi Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Onun sözlərinə görə, iştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin və milli mükafatların sahiblərinin olması müsabiqənin yüksək səviyyəsindən xəbər verir. Tədbirdə ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan (Rusiya), Özbəkistan və Türkmənistandan pianoçular iştirak edir.
   Dekabrın 10-dək davam edəcək müsabiqə və konfrans Bakı Musiqi Akademiyasının Qara Qarayev adına böyük zalında və konfrans zalında keçirilir. Pianoçular müsabiqəsinin birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qurup iştirakçılar üçün 17-30 yaş həddi müəyyən olunub. İştirakçılardan Qara Qarayevin əsərləri ilə yanaşı, öz ölkələrinin bəstəkarlarının əsərlərini də ifa etmələri tələb olunur. İki turdan ibarət olan müsabiqənin birinci turunda iştirakçılar ifa edəcəkləri əsərlərin obraz və emosiya cəhətdən məzmununu, əsərə qarşı şəxsi münasibətlərini və nöqteyi-nəzərlərini, ifa interpretasiyası məsələlərini əks etdirən məruzə ilə çıxış edəcək, ikinci turda isə həmin musiqi əsərlərini ifa edəcək.
   İştirakçıların çıxışlarını Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (sədr), prorektor Oqtay Abbasquliyev, BMA məktəb-studiyasının direktoru Tərlan Seyidov (sədr müavini və layihənin müəllifi), Kazan Konservatoriyasının rektoru Rubin Abdullin, Moskva Konservatoriyasının prorektoru Aleksandr Bonduryanski, San-Xose Universitetinin professoru Namiq Sultanov, Eskişehir Konservatoriyasının professoru Zöhrab Adıgözəlzadə, İstanbul Universitetinin Mədəniyyət və İncəsənət Mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa Bağırova, həmçinin BMA-nın fortepiano fakültəsinin dekanı Nərminə Quliyeva, məktəb-studiyanın fortepiano şöbəsinin müdiri Aişə Əliyeva və Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktor müavini Sevda Məmmədova (məsul katib) qiymətləndirəcək.
   Qaliblər dekabrın 10-da elan olunaraq mükafatlandırılacaqlar. Müsabiqənin laureat və diplomantları pul mükafatları və Bəstəkarlar İttifaqının, Musiqi Xadimləri İttifaqı və digər təşkilatların xüsusi mükafatlarına layiq görüləcək. Elmi-ifaçılıq konfransının bütün iştirakçılarına sertifikatlar veriləcək.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar