Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində görkəmli incəsənət ustaları və mədəniyyət xadimlərinin əhali ilə görüşü keçirilib. Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçi Oqtay Muxtarovun verdiyi məlumata görə, tədbir Mingəçevir Politexnik İnstitutunun akt zalında gerçəkləşib: “Regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağın daha da artırılması, gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə və onların yaradıcılığı ilə yaxından tanış olması üçün bu görüşlər çox önəmlidir. Həm də regionlarda əhalinin asudə vaxtının səmərəli təşkili, bölgələrdə mədəni əlaqələrin möhkəmləndirilməsi üçün tədbirin əhəmiyyəti böyükdür”.
   O.Muxtarovun bildirdiyinə görə, son zamanlar respublikanın regionlarında görkəmli incəsənət ustaları və mədəniyyət xadimlərinin əhali ilə keçirilən yaradıcılıq görüşləri böyük marağa səbəb olub.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, aktyor, Xalq artisti Tariyel Qasımov, rəqqasə Cəmilə Babayeva, müğənnilərdən Gülüstan Əliyeva, Nəzakət Məmədova, Şahnaz Əliyeva, Zakir Əliyev və başqaları iştirak ediblər.
   Qeyd edək ki, yaradıcılıq görüşləri dekabrın 8-də Yevlax şəhərində, 14-15-də isə Salyan və Neftçala rayonlarında davam etdiriləcək.
   
   İ.Hacılı