“Qələm” nəşrlər evində yazıçı-publisist Elçin Hüseynbəylinin “Şah Abbas” romanı yeni format və dizaynda nəşr olunub. Xronika janrında yazılmış, 1000 nüsxə tirajla nəşr olunmuş romanda “Qızılbaş Aslanı” ləqəbi verilmiş Şah Abbasın keçirdiyi döyüş səhnələrindən, Qərb ilə diplomatik münasibətlərindən, təğyiri-libas olub el-obanı gəzməsindən, eləcə də bölgələrə səfərlərindən söhbət açılır.
   Kitabda təriqətcə sufi olan şahın baş vəziri Hətəm xanın vətəni Ordubada, eləcə də digər bölgələrə onun səfərləri haqqında bəhs edilir.
   AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev “Şah Abbas-ədəbiyyat tariximizdə yeni hadisə” adlı məqaləsində romanın dil tarixi baxımından zəngin materiala malik olduğunu və XVI-XVII əsrlərin tarixi-mədəni şəraitinə aid elmi ədəbiyyat siyahısına daxil edildiyini bildirib.
   “Qələm” nəşrlər evi yazıçının daha iki kitabını - “Ağ-qara” hekayələr toplusunu və “Don Juan” romanını da yeni nəşrə hazırlayır.