Fevralın 2-si Muzey Mərkəzinin Sərgi Qalereyasında Lalə Ağayeva-Lambertin “Kölgələr uzananda...” adlı ilk fərdi fotosərgisi açıldı. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi. 
      
   Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Lalə Ağayevanın foto yaradıcılığının bədii cəhətdən zəngin və çoxçalarlı olduğunu dedi: “Lalənin fotolarına baxanda çox orijinal və qeyri-adi məqamları, səmimiyyəti görmək mümkündür”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Xalq rəssamı Ağaəli İbrahimov və digər qonaqlar gənc fotoqraf Lalə Ağayeva-Lamberti təbrik edərək, ona uğurlar arzuladılar.
   120 fotoşəkilin nümayiş olunduğu sərgi müəllifin həyata baxışlarını və fotoqrafiya sənətinin imkanlarını əks etdirir. Fotoşəkillərdən görünür ki, Lalə Ağayeva ani məqamı, eyni zamanda həyat enerjisini, rəngini tutub saxlamaq iqtidarındadır. O, özü günlərinin əhval-ruhiyyəsi kimi rəngarəng olduğunu deyir: “Qırmızı gündə enerjim aşıb-daşır. Mavi rəngdə qanad çalıram. Boz gündə əhvalım olmur, qara gündə isə mənə yaxınlaşmağınız məsləhət deyil... İşlərim də eyni ilə müxtəlif çalarlara bürünüb...”
   Sərgidə təqdim olunan fotoşəkillər rəngli seriyalara bölünüb: “Çəhrayı fantaziya”, “Kobaltlı mina”, “Portağallı tanqo və naringi arzuları”, “Qırmızının variasiyaları” və s. Sanki fotolar rəngdən savayı həm də dada, iyə və s. malikdir. Bu, günəş seriyasına atılan imzalara da aiddir: “Günəş mənimlədir”, “Günəş arxamdadır!”, “Yaxala məni” və s.
   Lalə təəssüratlarının qırıntılarını bir nöqtədə birləşdirən istedadlı fotoqrafdır. O, eyni zamanda təsirli və minimalist obraz yarada bilir. O, bu işlərində incəsənətin ən statik növünün sabitliyini dəf edib.
   Lalə Ağayeva-Lambert Bakıda həkim ailəsində doğulub. Azərbaycan Tibb İnstitutunu bitirib. Amerika vətəndaşı ilə ailə quran azərbaycanlı fotoqraf hazırda Karib adalarında yaşayır.
   
   Yeganə