Xəbər verdiyimiz kimi, Bakı şəhəri aprelin 7-9-da mötəbər beynəlxalq tədbirə - Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Martın 10-da Mədəniyyət və Turizm Nazirliyində Forumla bağlı media nümayəndələri üçün seminar keçirildi. 
   
   Tədbiri giriş sözü ilə açan nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. “Forumda müxtəlif ölkələrdən çoxsaylı qonaqlar iştirak edəcək. Artıq 24 ölkədən mədəniyyət nazirinin Bakıya gələcəyi dəqiqləşib”.
   A.Usubəliyev beynəlxalq təşkilatların Forumda iştirakda maraqlı olduğunu dedi: “Azərbaycanda belə bir tədbirin keçirilməsi ilk növbədə ölkəmizə olan etimaddan xəbər verir. Tədbirin möhtəşəmliyi ondan ibarətdir ki, ən mötəbər beynəlxalq təşkilatlar - Avropa Şurası, UNESCO, İCESCO bu Forum çərçivəsində bir araya gələcəklər”.
   Nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov forumla bağlı web-saytın hazırlandığını bildirdi. Saytda ölkəmiz haqqında, mədəniyyət müəssisələri, turizm şirkətləri, mehmanxanalar, restoranlar və s. barədə məlumatlar yer alacaq. Saytda media nümayəndələrinin zəruri olan xəbərlərdən əlavə məqalələr bölümünün açılması nəzərdə tutulur.
   Forumun koordinatoru, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə iştirakçıların coğrafiyasının Asiya, Avropa, Amerika və Afrikanı əhatə etdiyini bildirdi. Onun sözlərinə görə, mədəniyyət nazirləri ilə yanaşı, tədbirdə UNESCO-nun baş direktoru, İSESCO-nun baş direktoru, Avropa Şurasının baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti və digər beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Forum çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurası ilə birgə mədəniyyət, incəsənət və irslə bağlı sessiya keçirəcək. Dinlərarası münasibətlərə dair sessiyanı Avropa Şurasının Şimal-Cənub Mərkəzi, «Texnologiya, müasir media və vətəndaş jurnalistikasının mədəniyyətlərarası dialoqun təbliğində rolu», «Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu» ilə bağlı sessiyaları BMT-nin Sivilizasiyalararası Alyansı, «Qadınların mədəniyyətlərarası dialoqda rolu» sessiyasını isə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi birgə təşkil edəcək. Əldə olunmuş razılığa əsasən, “Euronews” telekanalı Forumun çəkilişini aparacaq və bir həftə ərzində on dildə nümayiş etdirəcək.
   
   Ceyhun