İlham Məmmədzadə,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru, fəlsəfə elmləri doktoru
- Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi xəbəri dünyada böyük əks-səda doğurub. Ona görə ki, müasir qloballaşma dövründə mədəniyyətlərarası dialoq çox vacibdir. Məlumdur ki, qloballaşma dövrü siyasi, iqtisadi toqquşmalar yaradır. Hətta bəzi alimlər belə bir fikri irəli sürürlər ki, qloballaşma sivilizasiyaların toqquşmasına gətirə bilər. Lakin həm dünya, həm də biz azərbaycanlılar yaxşı başa düşürük ki, toqquşmaların qarşısını almaq lazımdır. Bunun da ən vacib vasitəsi mədəniyyətlərarası dialoqdur.
Dünyanın ən mötəbər, nüfuzlu təşkilatları forumda təmsil olunacaqlar. Konfransın işinə dünyanın müxtəlif ölkələrinin tanınmış elm, mədəniyyət xadimləri ilə yanaşı, adlı-sanlı filosoflar da qatılacaq. Forum çərçivəsində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda elmi konfrans təşkil olunacaq. Avropa, Asiya, Afrika ölkələrindən dünyanın 20 tanınmış filosofu Bakıya gələcək və azərbaycanlı alimlərlə diskussiyalar aparacaqlar. Bəllidir ki, öyrənmək dialoqa doğru yolun vacib hissəsidir. İnanıram ki, filosofların müzakirələri, fikirləri tədbir iştirakçıları üçün maraqlı olacaq.
Hazırda dünyada çox mürəkkəb proseslər getməkdədir. Bu hadisələr qloballaşma prosesinin bir hissəsini təşkil edir. Qloballaşma proseslərində mədəniyyətin, mədəniyyətlərarası dialoqun mühüm yeri var. Mədəniyyətin də gücü sözsüz ki, çoxtərəfli mədəni münasibətlərdən asılıdır. Qloballaşma dövründə mədəniyyətlərarası forumlar həm insanlara, həm də dövlətlərə çox böyük təsir edir. Çünki qloballaşma dövründə yanlış bir fikir yarana bilər ki, hər şey iqtisadiyyatdan, siyasətdən, informasiya texnologiyalarından asılıdır. Lakin heç də belə deyil. Mədəniyyətsiz iqtisadiyyat, siyasət və informasiya texnologiyaları heç bir rol oynaya bilməz. Bu forum dünyada gedən qloballaşma proseslərində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək, digər tərəfdən isə mədəniyyətimizin inkişafına töhfələr verəcək. Forum Azərbaycanın mədəniyyətlərarası münasibətlərdə nüfuzunun yüksəlməsində əhəmiyyətli rol oynayacaq.