Aprelin 7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu günün ikinci yarısında «Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs» adlı sessiya ilə işini davam etdirdi. 
      
   İclasın həmsədrləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının mədəniyyət və təbii irs üzrə mədəniyyət direktoru Robert Palmer idi. Nazir R.Palmerin Bakı Forumuna hazırlıq dövründə böyük fəallıq göstərdiyini bildirdi. R.Palmer də öz növbəsində mədəniyyətin insanları birləşdirdiyini, mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğuladı: “Bir çox insanlar eyni məkanda fəaliyyət göstərirlərsə, elə bir vaxt olur ki, insanlar bir araya gəlir və bu, emosional bir qüvvədir. Biz istərdik ki, diskussiya iştirakçıları bu məsələyə öz münasibətlərini bildirsinlər».
   Sonra R.Palmer sözü Mərakeşdən olan yazıçı, fotoqraf, rejissor Leyla Qandiyə verdi.
   Bir sıra beynəlxalq mükafatlara layiq görülən L.Qandi məruzəsində çox ölkələrdə olduğunu və bu ölkələrin mədəniyyətini öyrəndiyini bildirdi: «İnsanların həyat tərzini öyrəndikcə, onların mədəniyyətinə elə onların gözləri ilə baxdıqca, belə qənaətə gəldim ki, əslində, tamamilə öz vaxtımı çox sadə bir işə həsr edim. Əvvəllər mənə tanımadığım adama hörmətlə yanaşmaq çətin idi. Mənim fikrimcə insanlar arasında anlaşılmazlığın səbəbi məhz məlumatsızlıqdır. Ona görə də vizual incəsənət insanları yaxınlaşdıra bilər, zənginləşdirə, onların hisslərini oyada bilər. Bu dəfə insanların həyatını fotoşəkillər vasitəsilə təsvir etməyə çalışdım. Mən sərgilərimi, sənədli filmlərimin nümayişini keçirmişəm. Reaksiyalar müsbətdir və insanlar bir-birlərinə yaxınlaşmaq istəyir. Hesab edirəm ki, dialoq vasitəsilə öz varlığımızı təmin etməliyik».
   Çıxışının sonunda L.Qandı tədbir iştirakçılarına maraqlı mesaj da göndərdi: «Gəlin, insanlara daha yaxın olaq və onların necə yaşamalarını öyrənməyə çalışaq».
   Digər məruzəçi Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ramazan Abdulətifov Bakı Forumunun əhəmiyyətini yüksək dəyərləndirdi: «Azərbaycanın qədim mədəniyyəti var. Mən Rusiyanı təmsil edən nümayəndə kimi qeyd etmək istəyirəm ki, tarixən biz eyni, vahid məkanda yerləşmişik. Bu məkan isə bizim üçün bir zəngin məkandır və onun gözəl imkanlarından istifadə edirik. Burada Azərbaycan, Qafqaz, rus mədəniyyətləri mövcuddur və bu mövcud şəraitdə bizim keyfiyyətcə yeni imkanlarımız yaranır. Bu gün Azərbaycan belə bir Forumun keçirilməsi fonunda imkanlarını nümayiş etdirir. Biz çox sıx şəkildə bir sıra layihələr üzərində işləyirik və bundan sonra da davam etdirəcəyik. Mədəniyyətin inkişafı qanunun aliliyi deməkdir. Yəni demək istəyirəm ki, mədəniyyətlərarası dialoq bir növ tarixi qanunauyğunluqdur. Biz gərək bu prosesləri öyrənək».
   Növbəti məruzəçi Misirdən olan incəsənət xadimi, «Əl Mavrid Əl Taqafi» təşkilatının direktoru Basma El-Hüseyni forumda iştirakından məmnunluğunu diqqətə çatdırdı: “Mənim bir sıra suallarım yaranıb. Mədəniyyətlərarası dialoqun mənasını necə müəyyən etməliyik və mədəniyyət fərqlərini necə görməliyik. Çünki mədəniyyətlərarası dialoqu bir çox hallarda biz danışıqlar vasitəsi kimi qəbul edirik. Mənim fikrimcə, mədəni fərqləri müəyyən etmək zərurəti də var. Bəzən bu sahədə anlaşılmazlıq baş verir, məlumatsızlıq yaranır. Bu fərqlərin bəziləri çox real və konkret səbəblərə görə meydana gəlir. Bəzi mədəni fərqlər mədəniyyətlərarası dialoqda da öz əksini tapır”.
   Daha sonra çıxış edən niderlandlı memar Jan Huben Bakıya ilk dəfə gəldiyini və onda şəhər haqqında müsbət rəy formalaşdığını diqqətə çatdırdı. Eyni zamanda forumun mühüm əhəmiyyət kəsb etdiyini bildirən məruzəçi ictimai yerlərlə bağlı onun layihəsi əsasında tikilən binaların fotolentini nümayiş etdirdi.
   Sessiyada TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Latviyanın mədəniyyət naziri Sarmite Elerte, Bolqarstanın mədəniyyət naziri Vezhidi Rasiyada, Türkiyənin mədəniyyət nazirinin müavini Şənay Basar və digərləri çıxış etdiər.
   
   Mehparə