Forumda Avropa Şurası və Avropa Komissiyasının birgə layihəsi təqdim edildi
   
   Aprelin 8-də Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının “Mədəniyyətlərarası şəhərlər” birgə proqramı təqdim edildi. 
   

   “Şəhərlərdə müxtəlifliyin idarə edilməsi: şəhər mədəniyyətlərarası siyasətə doğru” devizi altında təşkil olunan təqdimata sədrlik edən “Mədəniyyətlərarası şəhərlər” layihəsinin müəllifi, Böyük Britaniyadan olan Fil Vud qloballaşma dövründə şəhərlərdə azlıqların və miqrantların cəmiyyətə inteqrasiyasının daha səmərəli olmasına böyük ehtiyac duyulduğunu bildirdi. Onun sözlərinə görə, ümumi mədəni kapitalın yaradılması və mədəniyyətin cəmiyyətin təsisatlarına, bütövlükdə siyasətə gətirilməsi ilə müasir böyük şəhərlərdə mədəni bölünmənin aradan qaldırılmasına nail olmaq mümkündür: «Bu, fərqli etnik, dini və dil mənşəyi olan yeni sakinlərlə köhnə sakinlər arasında məkan, resurs və imkanların bölüşdürüldüyü, yaxud onlar uğrunda rəqabət aparıldığı şəhərlərdə daha güclü şəkildə hiss olunur. Bu baxımdan tərtib olunan proqram mədəniyyətlərarası inteqrasiyaya aid konsepsiya və təcrübənin inkişaf etdirilməsi üçün sınaq layihəsi kimi 2008-ci ildə irəli sürülüb və tətbiq olunduğu bir sıra şəhərlərdə uğurla nəticələnib. Bu il “Mədəniyyətlərarası şəhərlər” proqramının yeni mərhələsi başlayacaq. Azərbaycanın şəhərləri də gələcəkdə bu proqrama üzv ola bilərlər».
   Rusiyanın İjevsk Şəhər Şurasının sədri Aleksandr Uşakovun sözlərinə görə, şəhərlərarası mədəniyyət dialoqu bir mübadilədir. Bu, özfəaliyyət kollektivlərinin, mədəniyyət xadimlərinin mübadiləsi də ola bilər: «Burada şəhər rəhbərliyinin də rolunu xüsusi vurğulamaq lazımdır. Çünki şəhərlərdə yaşayan və fəaliyyət göstərən sakinlər arasında heç bir baxımdan ayrı-seçkilik yaradılmamalıdır».
   Meksikanın kənd bölgələrinin inkişafı və bərabərlik işləri naziri Mariya Roza Markes Kabrera, Ukraynanın Melitopol şəhər merinin müavini Olena Dubinina, Polşanın Lyublin şəhər merinin müavini Vlodimir Vısoçki, “Gürcüstan-Azərbaycan dostluq evi” təşkilatının rəhbəri, Gürcüstan Universitetinin İdarə Heyətinin sədri Giuli Alasaniya şəhərlərdə müxtəlifliyin aradan qaldırılmasında proqramın önəmini vurğuladılar. Çıxışlarda müasir şəhərlərin idarəçiliyində müxtəlifliyin nəzərə alınmasının vacibliyi bildirildi və şəhərlərə innovativ fikirlərin cəlb olunması baxımından azlıqların və miqrantların potensialından düzgün istifadə olunmasının əhəmiyyəti qeyd edildi. İştirakçılar dünya mədəniyyətlərinin inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edən Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
   Tədbirin sonunda Rusiyanın İjevsk Şəhər Şurasının sədri Aleksandr Uşakov yenidən söz alaraq, “Şərəfli mədəniyyətlərarası şəhər” fəxri adının təsis ediləcəyi təqdirdə, bu adın mütləq Bakıya verilməli olduğunu dedi.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar