Beynəlxalq konfransın yekununa dair memorandum qəbul edildi
   
   Aprelin 7-9-da Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes Mərkəzində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın aprelin 7-də keçən müzakirələri barədə ötən sayımızda məlumat vermişdik. Tədbirin ikinci günü (8 aprel) “Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair” mövzusunda “dəyirmi masa” təşkil olundu. 
   
    AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə “dəyirmi masa”nın mövzuları haqqında məlumat verərək bildirdi ki, əsas məqsəd yalnız sərvət, ideal və standartlar çərçivəsində qala bilməyən mədəniyyət və təhsildə baş verən dəyişiklikləri, müasir dünyanın dialoq fəlsəfəsinin yeni dərkini tələb edən problemlərini müzakirə etməkdir.
   Sonra AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasovun “İdrakın üç mənbəyi və üç tərkib hissəsi: monoloq, dialoq, polialoq” mövzusunda məruzəsi dinlənildi. Türkiyənin Akdeniz Universitetinin fəlsəfə kafedrasının professoru İsmayıl Yakıt “Milli mədəniyyətin təhsildə yeri və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi, mədəniyyət və sivilizasiya anlayışları, onların əsas mahiyyəti və millətlərarası münasibətlərdə rolu haqqında fikirlərini bölüşdü.
   Sonra Rusiya Elmlər Akademiyasının İslam dünyası fəlsəfəsi sektorunun müdiri Andrey Smirnovun “Qeyri-Qərb fəlsəfəsi mümkündürmü”, Rusiya Elmlər Akademiyasının sosial fəlsəfə sektorunun müdiri Valentina Fedotovanın “Mədəniyyət və sivilizasiyalar dialoqu qloballaşma dövrünün sosial innovasiyası kimi” mövzularda məruzələri dinlənildi. “Dəyirmi masa”da dəyişmiş mədəni kontekst şəraitində dialoqun yeni dərki, gender mədəniyyəti, postsovet məkanında milli şüurun müasirləşdirilməsi problemləri, tolerantlıq, mədəniyyətlərin müxtəlifliyi, qloballaşma əsrində fəlsəfə, təhsil və mədəniyyət arasında əlaqələrə yanaşma və digər mövzularla bağlı fikir mübadilələri aparıldı.
   * * *
   Aprelin 9-da beynəlxalq konfrans çərçivəsində “Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışında” mövzusunda növbəti “dəyirmi masa” keçirildi. Tədbirdə alimlər dünyada münaqişələrin artması şəraitində milli identikliyin saxlanması məsələləri üzrə fikir mübadiləsi apardılar. Rusiya Pyotr Akademiyasının müxbir üzvü, professor Əbdülhəsən Abbasov çıxışında xüsusi olaraq bu problemə diqqət ayırdı. Onun sözlərinə görə, “soyuq müharibə”nin başa çatması təəssüf ki, dünyadakı ziddiyyətləri aradan qaldırmayıb, əksinə, münaqişələr daha artıq vüsət alıb. Alim konfrans iştirakçılarına hərbi təcavüz nəticəsində Azərbaycanın torpaqlarının işğal edildiyini, insanların öz doğma torpaqlarından qaçqın düşdüyünü nəzərə çatdırdı.
   Rusiya Elmlər Akademiyasının fəlsəfə sektorunun müdiri Sergey Nikolski gələcəkdə belə tədbirlərdə mədəniyyət anlayışının siyasi, sosial və digər məna elementlərini müzakirə etməyi təklif etdi. Onun fikrincə, bu yolla identiklik, mədəni inteqrasiya ilə bağlı daha konkret məsələləri nəzərdən keçirmək mümkün olar.
   “Dəyirmi masa”da həmçinin Belçikadan S.Vindiş-Qrets, Livandan S.Sliman, Qazaxıstandan Q.Kurmanqaliyevanın məruzələri dinlənildi.
   “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfransa birgə memorandumun qəbulu ilə yekun vuruldu. Memorandumda qeyd olunur ki, dialoq və əməkdaşlıq səviyyəsinə çatmamış elm, mədəniyyət və texnologiyalar sivilizasiyaların münaqişəsinə, humanitar fəlakətə gətirib çıxara bilər. Sənəddə vurğulanır ki, Dünya Forumu və “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” beynəlxalq konfransının Bakıda keçirilməsi Azərbaycanın dünyada əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı etimad mühitinin bərqərar edilməsi üzrə səylərinin təqdirəlayiq olduğunu bir daha təsdiq edir. Memorandum mədəniyyətlərin dialoqu problemlərinin tədqiqində dünya filosoflarını əməkdaşlığa çağırır.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar