Aprelin 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında növbəti 4 il üçün ikili diplomla bağlı müqavilənin imzalanması mərasimi keçirildi. 
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ATİ Azərbaycanda ikili diplom prinsipini tətbiq edən yeganə ali təhsil ocağıdır: “Dörd il əvvəl bağlanmış birinci müqavilənin şərtlərinin yerinə yetirilməsi nəticəsində ötən il Turizm İnstitutunun 14 tələbəsi eyni zamanda Krems Universitetinin diplomunu aldı. Builki buraxılışda biz 25 tələbənin bu diplomlara sahib olacağını gözləyirik. Növbəti illərdə isə bu rəqəm daha da artacaq. Odur ki, bu proqramın davamlı olmasının tərəfdarıyıq”.
   Nazir qeyd etdi ki, hazırda Turizm İnstitutunun nəzdində ölkə başçısının tapşırığı ilə kolleclərin və xüsusiləşdirilmiş tədris mərkəzlərinin açılması prosesinə başlanılıb: “Bu prosesdə də Krems Universiteti bizə yaxından köməklik göstərir. Məqsədimiz Azərbaycanın turizm sənayesinin həm peşəkar kadr hazırlığı, həm orta səviyyəli xidmətləri göstərməyə qadir olan kadr potensialının hazırlanmasını yerinə yetirən, eyni zamanda isə tədricən turizm proseslərini elmi cəhətdən təhlil edən və tənzimləyən bir mərkəzin yaradılmasına nail olmaqdır. Biz bu əməkdaşlığı həm Şahdağ Qış-yay Turizm Kompleksi, həm də Bakıda inşa olunan hotellər üçün kadr hazırlanmasında nəzərdə tuturuq. Mən Mədəniyyət və Turizm Nazirliyi adından bu sənədin imzalanmasını çox yüksək dəyərləndirirəm. Hər iki ali təhsil ocağının rəhbərini bu mərasim münasibətilə təbrik edirəm”.
   Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer bildirdi ki, rəhbərlik etdiyi universitet Avropanın bir çox ölkələrinin ali təhsil ocaqları ilə ikili diplomla bağlı müxtəlif proqramlar həyata keçirir. Amma Azərbaycanla bağlı proqram onlar üçün birinci yerdədir: “ATİ ilə əməkdaşlıqda çox qısa müddət ərzində böyük uğurlar əldə edilib. Artıq əməkdaşlığımızın ikinci mərhələsinin təməlini qoyuruq. Bu il Azərbaycanda turizm ilidir. Məlumdur ki, turizm xidmət sənayesidir. Burada peşəkar kadrlar faktoru mühüm rol oynayır. Bu sahəni ancaq yüksək təhsilli və təcrübəli kadrlarla yetkin səviyyəyə qaldırmaq olur. ATİ tələbələri əldə etdikləri diplomla Avropanın istənilən ölkəsində turizm sektorunda çalışmaq imkanı qazanır. Biz əməkdaşlıqla başladıq, artıq münasibətlərimiz dostluq səviyyəsindədir. Onu da qeyd edim ki, biz də bu əməkdaşlıqdan çox şeylər əldə etdik”.
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov kadr hazırlığı prosesində ATİ-yə göstərilən etibara və dəstəyə görə ölkə rəhbərliyinə, mədəniyyət və turizm nazirinə təşəkkürünü bildirdi. Rektor ikili diplom layihəsini Azərbaycanın təhsil sistemində yeniliyə doğru atılan addım kimi qiymətləndirərək qeyd etdi ki, bu gündən sonra növbəti 4 il üçün də Krems Universiteti ilə əməkdaşlıq davam edəcək: “Budəfəki əməkdaşlıq müqaviləsi daha geniş sahələri əhatə edəcək. Bu qrupda təhsil alan tələbələrin institutda dərs keçmək imkanları olacaq. Bu, bakalavr səviyyəsini əhatə edən bir layihədir. Lakin yayda ikinci məzun buraxılışında artıq magistratura ilə bağlı məsələlərə də baxılacaq. Artıq Avstriyanın Vyana Universiteti ilə doktorantura mərhələsində əməkdaşlıqla bağlı müzakirələrimiz olub. Gələcəkdə xarici ölkələrin qabaqcıl ali təhsil ocaqları ilə əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik”.
   Sonda ATİ-nin rektoru Cəfər Cəfərov və Krems Universitetinin prezidenti Hans Boyer növbəti 4 illik mərhələ üçün əməkdaşlıqla bağlı sənədi imzaladılar.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar