Məşhur operettanın 100 illik yubileyi qeyd olundu
   
   İlk dəfə 1911-ci ilin 25 aprelində tamaşaçılara nümayiş etdirilən “O olmasın, bu olsun” operettasının 100 illik yubileyi dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində qeyd olundu.
   
   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov operettanın bu gün də aktual olduğunu söylədi: “Həmin dövrün qəzetlərindən biri əsərin Azərbaycan həyatının güzgüsü olduğunu yazırdı. 1916 və 1956-cı illərdə kino həyatını yaşayan əsər dəfələrlə tamaşaya qoyulub. Operetta bu gün də tamaşaçılar üçün maraqlıdır və əsərə tələbat azalmayıb”. Azərbaycan fırça ustalarının da əsərə biganə qalmadığını söyləyən S.Fərəcov “O olmasın, bu olsun” tamaşasından müxtəlif obrazların rəssamların yaradıcılığında yer aldığını dedi. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin ölməz əsərlərinin hər zaman böyük tamaşaçı rəğbəti qazandığını vurğuladı. Qeyd olundu ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Üzeyir dünyası” layihəsi dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir.
   Tədbirdə Akademik Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev, professor Şirməmməd Hüseynov və başqa qonaqlar çıxış etdi. Tədbir iştirakçıları “O olmasın, bu olsun” əsəri ilə bağlı tarixi sənədlər, əlyazmalar, fotolar, proqramlar nümayiş olunan sərgini də maraqla qarşıladılar.   

   Yeganə